İnsan alveri

Son yeniliklər

İnsan alverinə qarşı birgə mübarizə aparaq!

İnsan alverinin əsas qurbanları qadınlar və uşaqlardır. Həmçinin qaçqınlar və digər didərgin düşmüş şəxslər, əhalinin yoxsul təbəqəsi bu risk qruplarına daxildir.

Təhsilalmanın, işlə təmin olunmanın və gələcəyə əminlik hissinin qarşısını alan faktorlar, ailə və icma dəstəyinin olmaması bu təhlükəni törədən səbəblərdəndir.

İnsan alveri

Əsrimizin qlobal problemlərindən biri də insan alveridir. İnsan alveri bütün dünya ölkələrində rast gəlinən ən geniş yayılmış cinayətlərdən hesab olunur, milli və beynəlxalq qanunvericiliklə qadağan edilir.

Bu cinayət, insan hüquqlarını pozmaqla yanaşı, ailə və cəmiyyətin dağılmasına yol açır, mütəşəkkil cinayətkarlığa rəvac verir, ölkələri insan kapitalından məhrum edir, ictimai sağlamlığı zəiflədir, böyük iqtisadi zərərlərə səbəb olur.

Azərbaycanda bu növ cinayətlərin vaxtında aşkarlanması, qarşısının alınması, həyata keçirilən mübarizə tədbirlərinin gücləndirilməsinə dövlət səviyyəsində böyük diqqət göstərilir.

İnsan alveri əsasən:

  • Cinsi istismar;
  • Əmək istismarı, o cümlədən uşaq əməyinin istismarı;
  • İnsanların daxili orqanlarının alqı-satqısı;
  • Dilənçiliyə sövq etmə və s. məqsədlərlə edilir.

 

İnsan alverinin qurbanı hər kəs ola bilər.

ALDANMAYIN!

İnsan alveri çox zaman transmilli mütəşəkkil cinayətkar qruplar tərəfindən həyata keçirilir. Bu qrupların nümayəndələri müxtəlif hiylələrə əl atır, özlərini xarici və ya yerli işədüzəltmə firmasının, nikah agentliyinin əməkdaşı kimi qələmə verirlər. Xarici görünüşünə görə başqalarından seçilməyən bu insanlar çox nəzakətli, qayğıkeş və həssas davrana bilərlər.

Diqqət! Şişirdilmiş vədlər verən hər hansı elan və ya təklifə ehtiyatla yanaşmaq lazımdır.

İşləmək, təhsil almaq, səyahət etmək, habelə xarici vətəndaşla nikah bağlamaq üçün xaricə gedərkən müraciət etdiyiniz firmanın sənədləri və iş təcrübəsi ilə yaxından tanış olmalı, lisenziyasının olub olmamasını öyrənməlisiniz.

Yadda saxlayın! 

Vətəndaşlığından asılı olmayaraq fiziki şəxslərin, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş və xüsusi icazəsi (lisenziya) olmayan yerli və ya xarici təşkilatın Azərbaycan vətəndaşlarını ölkədən kənarda işlə təmin etmək hüququ yoxdur.

  • Əgər Sizə xaricdə iş, təhsil və ya ailə qurmaq üçün təkliflər edilirsə, bu, mütləq hər hansı rəsmi müqavilə əsasında yerinə yetirilməlidir.
  • Müqavilə mütləq ana dilində, sizin aydın başa düşəcəyiniz şəkildə yazılmalı və xaricdə görəcəyiniz iş haqqında ətraflı məlumatı özündə əks etdirməlidir.
  • Müqavilənin şərtləri ilə bağlı hüquqşünas məsləhəti almağınız məqsəduyğundur.
  • Hər hansı firma adından sizə xarici ölkələrdən birində iş təklif edən şəxsin adını, soyadını öyrənin. Ondan təmsil etdiyi firmanın ona verdiyi vəsiqə, etibarnamə və müqavilə ilə maraqlanın. Belə sənədlər, adətən, firmanı təmsil edən şəxsin adına verilir və orada həmin şəxsin məhz xarici ölkələrə işçi toplaması haqqında bənd göstərilir.
  • Getdiyiniz ölkədəki Azərbaycan səfirliyinin və ya konsulluğunun telefon nömrələrini öyrənin.

 

Bəzi hallarda xarici ölkələrə səfər edən insanların pasportları alınır.

UNUTMAYIN!!!

Pasportu və digər sənədləri heç kəsə verməyin! Həmin sənədlər göstərilməklə, yalnız surətləri təqdim edilə bilər. Yaxşı olar ki, pasportun surətini çoxaldıb bir-neçə yerdə saxlayasınız.

İnsan alverinin qurbanlarına yardım

İnsan alverinin qarşısının alınması və qurbanlara kömək məqsədi ilə yaradılmış, həftənin bütün günləri 24 saat ərzində respublika ərazisində ödənişsiz xidmət göstərən, dünyanın hər bir ölkəsindən zəngləri qəbul edən “Qaynar xətt” telefon xidməti (tel: 152 və (+99412) 562-21-12) fəaliyyət göstərir.

 

Təhlükə anında zəng et:

152 və ya (+99412) 562-21-12