Düz bağırsaq (rektal) xərçəngi: cərrahi müalicənin növləri

Son yeniliklər

Rektal xərçəngi olan xəstələrdə cərrahi müalicə növünün seçimi xərçəngin kliniki mərhələsi və törəmənin lokalizasiyasından asılıdır. Cərrahi müalicənin əsas məqsədi törəməni tam götürmək və sağlam toxuma sərhədlərini təmin etməkdir. Rektal xərçəngdə "sağlam toxuma sərhədləri" dedikdə həm də düz bağırsağın ətrafında olan toxuma və orqanlar nəzərdə tutulur. Dar olan çanaqda çox zaman törəmə hüceyrələrindən azad toxuma sərhədləri əldə etmək çətin olur. Bütün səylər ilk növbədə anal sfinkterin saxlanmasına yönəlməlidir. Lakin bu heç də həmişə mümkün olmur və xəstə kolostoma ilə yaşamalı olur.

Polipektomiya

Poliplər bir neçə növə bölünür. Ayaqcığı və başı olan (göbələyə bənzər) poliplərin kolonoskopiya və ya siqmoidoskopiya zamanı rezeksiyası və ya kəsilib çıxarılması əməliyyatı geniş yayılmışdır. Xüsusi məftil polipin boğazına keçirilir (yoğun bağırsağın və ya düz bağırsağın divarına mümkün qədər yaxın) və məftil sıxılaraq polipi kəsmiş olur. Məftildən keçən elektrik cərəyan vasitəsilə isə mümkün qanaxma dayandırılmış olur. Polip mütləq şəkildə patoloji müayinəyə göndərilməlidir. Əgər polipin tərkibində xərçəng hüceyrələri müəyyən edilərsə, həmin xəstələrdə daha geniş cərrahi əməliyyatın aparılması tələb oluna bilər.

Lokal rezeksiya

Erkən mərhələdə olan bədxassəli törəmələrin (T1 və bəzən T2) cərrahi müalicəsi lokal rezeksiya və ya törəmənin özünün kəsilib çıxarılması ilə aparılır. Lakin bu yalnız o hallarda mümkündür ki, xərçəng hüceyrələri limfa düyünlərinə, bağırsaq divarının dərin qatlarına, uzaq orqanlara və ya ətraf orqanlara yayılmamış olsun. Lokal rezeksiyalar çox zaman kolonoskopiya və ya siqmoidoskopiya vasitəsilə lokal anesteziya və ya ümumi anesteziya ilə aparılır. Lakin əgər lokal rezeksiyadan sonra çıxarılmış törəmənin patoloji müayinəsində onun kənarlarında xərçəng hüceyrələri müəyyən edilirsə, bu hallarda yerdə qalan törəmənin çıxarılması üçün əlavə cərrahi əməliyyata ehtiyac yaranır.

Total mezorectal rezeksiya (TMR)

TMR hazırda düz bağırsağın yuxarı 2/3 hissəsində yerləşən rektal xərçəngin cərrahi müalicəsində qızıl standart hesab edilir. Bu əməliyyat vasitəsilə düz bağırsaq və bütöv mezorektum (düz bağırsağın ətrafında olan toxumalar) kəsilib çıxarılır. Mezorektum düz bağırsaq ətrafında olan piy toxumasıdır və burada limfa düyünləri və düz bağırsağa gedən qan damarları yerləşmişdir. Mezorektum rezeksiya olunmadıqda xərçəngin təkrar olaraq məhz burada peyda olması müşahidə edilir. Buna görə də, düz bağırsaqla yanaşı mezorektumun çıxarılması xərçəngin təkrar qayıtması riskini xeyli azaltmış olur.

Düz bağırsaq və mezorektumun çıxarılmasından sonra S-bənzər (siqmoid) yoğun bağırsaq anal sfinkterə birləşdirilir və xəstədə bağırsaq funksiyası bərpa olunur. Bəzi hallarda anal sfinkterin saxlanması mümkün olmur (xərçəng hüceyrələri anal sfinkterə invaziya etmiş olduqda) və bu xəstələrdə kolostomanın qoyulmasına ehtiyac yaranır. Total mezorektal rezeksiyanın geniş təcrübəsi olan cərrah tərəfindən aparılması kolostomaya ehtiyacın yaranma riskini azaltmış olur. Törəmənin düz bağırsaqda yerləşməsi (lokalizasiyası), onun anal dəlikdən nə qədər uzaq olması TMR-nın hansı üsulla aparılmasını təyin edir. Ən geniş yayılmış üsullara aşağı ön rezeksiya və abdominal-aralıq rezeksiyası daxildir.

 

 

 

Aşağı Ön Rezeksiya (AÖR)

Aşağı ön rezeksiya əməliyyatı adətən düz bağırsağın yuxarı 2/3 hissəsində yerləşən törəmələrin müalicəsində tətbiq edilir. Bu əməliyyat, həmçinin düz bağırsağın aşağı 1/3 hissəsində yerləşən törəmələrin müalicəsində də tətbiq oluna bilər. Əməliyyatın əsas məğzi enən yoğun bağırsağın hissəsini, bütöv S-bənzər bağırsağın, bütöv düz bağırsağın və mezorektumun cərrahi rezeksiyasından ibarətdir. AÖR-da düz bağırsaq və mezorektum yuxarıda təsvir edilmiş TMR üsulu ilə aparılır.

Düz bağırsağın aşağı 1/3 hissəsinin törəmələrində AÖR adətən aşağı rektal anastomozla (yerdə qalan düz bağırsağın yoğun bağırsağa birləşdirilməsi) yerinə yetirilir. Yeni steplerlərin tətbiqi imkan verir ki, hətta anal sfinkterə çox yaxın olan törəmələr belə rezeksiya olunsun və yerdə qalan bağırsaq anal kanala birləşdirilsin. Bununla da anal sfinkterin funksiyası saxlanmış olur. Lakin, bu cür əməliyyatların əksəriyyətində müvəqqəti kolostomanın çıxarılması tələb olunur ki, düz bağırsaq və ya yoğun bağırsaqla anal sfinkter arasında yeni qurulmuş anastomoz tam sağalsın.

 

 

Koloanal anastomozla aparılan Proktectomiya

Koloanal anastomozla aparılan proktektomiya əməliyyatı (yerdə qalan S-bənzər bağırsağın anal sfinkterə birləşdirilməsi) aşağı ön rezeksiya əməliyyatının bir növüdür və burada da total mezorektal rezeksiya üsulu tətbiq olunur. Bu əməliyyat əsasən düz bağırsağın aşağı 2/3 hissəsində yerləşən törəmələrin müalicəsində tətbiq olunur. Əməliyyatın əsas məğzi S-bənzər bağırsağı bütövlükdə və ya onun hissəsinin və bütöv düz bağırsağın çıxarılmasından ibarətdir. Bu əməliyyat adətən laparotomiya (qarının ön divarında göbəkdən aşağı aparılan cərrahi kəsiklə) ilə aparılır. Bəzi hallarda isə laparotomiya ilə yanaşı aralıqda da əlavə cərrahi kəsik aparılır ki, düz bağırsaq törəməsinin çıxarılmasında cərraha yardımçı olsun.

Əməliyyat zamanı yerdə qalan yoğun bağırsağın ucu anal sfinkterlə birləşdirilir (anastomoz yaradılır) və bağırsağın funksiyası bərpa olunur. Bu mümkün olduqda kolostomaya ehtiyac yaranmır.

Bəzi halalrda cərrah tərəfindən yoğun bağırsaqdan düz bağırsağın funksiyasını xatırladan cib (kolon J-cibliyi) düzəldilir və ya yoğun bağırsağın uc hissəsinin cib kimi böyüdülməsi (koloplastika) təmin edilir. Bir çox hallarda bağırsaqların birləşmə yerlərinin normal sağalması üçün müvəqqəti kolostoma çıxarılır.

Əgər anus və anal kanal da xərçəngə tutulubsa, bu zaman abdominal-aralıq rezeksiyası aparılır (anus və anal kanal da rezeksiya olunur) və daimi kolostoma çıxarılır. 

 

Abdominal Aralıq Rezeksiyası (AAR)

Anus ətrafında olan əzələlərə invaziya etmiş düz bağırsağın aşağı hissəsi törəmələrinin cərrahi müalicəsi AAR-abdominal-aralıq rezeksiyası ilə aparılır. Bu əməliyyat əsasən onda seçilir ki, anal sfinkterin saxlanması mümkünsüz hesab olunur. Əməliyyatın əsas məğzi S-bənzər bağırsağın, düz bağırsağın, anusun, mezorektumun və anal əzələlərin rezeksiyasıdır. Cərrah tərəfindən 2 cərrahi kəsik aparılır - biri qarının ön divarında adətən göbəkdən aşağı və digəri isə aralıq zonada. Qarında aparılmış kəsikdən düz bağırsağın rezeksiyası aparılır və aralıqda aparılan kəsikdən isə anal sahənin rezeksiyası yerinə yetirilir.

Bu əməliyyat keçirən xəstələrdən daimi kolostoma çıxarılır. Bu səbəbdən də, AAR yalnız o zaman tətbiq olunur ki, anal sfinkterin və anusun saxlanması mümkünsüzdür.

 

Çanağın evisserasiyası

Çanağın evisserasiyası əməliyyatı çanaq boşluğuna və reproduktiv orqanlara (qadınlarda - yumurtalıqlar, Uşaqlıq Fallopi boruları, uşaqlıq və uşaqlığın boynu; kişilərdə - prostat vəzi) və ya sidik-ifrazat sistemi orqanlarına (sidik kisəsi və ya uretra) yayılmış rektal xərçəng hallarında aparılır. Bu əməliyyat vasitəsilə S-bənzər yoğun bağırsaq, rektum, anus, çanaq orqanları və regional limfa düyünləri evisserasiya olunur və ya cərrahi rezeksiya olunub götürülür.

Nəcisin çıxarılması üçün daimi kolostoma qoyulur.

Sidiyin çıxarılması üçün isə daimi urostoma qoyulur. Ureterlər isə nazik bağırsaqda (ileal konduit) qurulmuş kiçik cibliyə birləşdirilir. Bu ciblik isə sonradan dəri səthinə gətirilir və burada ikinci stoma formalaşdırılır.