Azərbaycan Tibb Universitetinin klinikasında unikal cərrahiyyə əməliyyatı icra olunub

Son yeniliklər

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında unikal cərrahiyyə əməliyyatı həyata keçirilib.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həkimlər çənədə şişin götürülməsi, incik sümüyü ilə çənə sümüyünün bərpası və diş protezləşdirilməsi əməliyyatını eyni vaxtda aparıblar. Orta yaşlı qadının üzərində aparılan əməliyyat zamanı çənədə yayılmış şiş götürüldükdən dərhal sonra diş implantları yerləşdirilib.

Bu mürəkkəb əməliyyat ATU-nun ağız və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşları professor Çingiz Rəhimov, assistent Məhəmməd Davudov və plastik cərrah Araz Salmanovun başçılığı altında iki briqada tərəfindən aparılıb.

Birinci briqada çənədəki şişin xaric edilməsi ilə məşğul olub. Çənə tam açılandan sonra patoloji hissəsi və onunla birgə həmin hissədəki dişlər götürülüb. Həmin müddət ərzində isə ikinci briqada incik sümüyünü damarlarla birlikdə götürərək çıxarılan çənənin yerinə yerləşdirib və həmin damar ayaqcıqları bu sahəni təchiz edən arteriya və venaya birləşdirilib. Köçürülən sinir qanla yenidən təchiz olunduğundan ağız boşluğunda implantların üzərində dişlər qoyulub.

Dünya təcrübəsində nadir hal kimi qəbul olunan bu tip əməliyyatları yalnız ən qabaqcıl klinikalarda icra etmək mümkündür. Artıq ATU-nun Tədris Cərrahiyyə Klinikasının da adını bu cür tibbi müəssisələr sırasında çəkmək olar.