Vaxtından əvvəl Doğulan Körpələrin Beynəlxalq Günü
Son yeniliklər17 Noyabr Dünya erkən doğulan körpələr Günüdür (World Prematurity Day). Bu tarix 2009-cu ildə (Yeni doğulmuşlara qayğı Avropa fondunun (EFCNI) təşəbbüsü ilə yaradılmışdır. Hər il orta hesabla 15 milyon körpə vaxtından əvvəl dünyaya gəlir, təxminən hər on uşaqdan biri erkən doğulur.
Azərbaycanda diridoğulmanın yeni meyarlarının tətbiqinə başlanılıb. Beynəlxalq tələblərə tam uyğun olan bu meyarlar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən tibbdə yeni nailiyyətlərin əldə edilməsi ilə əlaqədar tətbiq edilir.
Azərbaycanda Sovet dövründən tətbiq edilən əvvəlki meyarlara görə, hamiləliyin 28-ci həftəsindən tez doğulan körpələr “uşaq” adlandırılmırdı, onlara “gecikmiş düşük” deyilirdi. Əvvəlki meyarlara görə, hamiləliyin 28-ci həftəsində doğulan, çəkisi 1 kq-dan çox olan və həyat əlamətləri görünən körpələr "diridoğulmuş uşaq” hesab edilirdi.
Yeni meyarlar əsasında isə bu müddət 28 deyil, 22 həftə müəyyən edilib. Artıq hamiləliyin 22 həftəsindən tez olmayaraq doğulan körpənin bədən çəkisi 500 qramdan çoxdursa və onda hər hansı həyat əlaməti - ürək döyüntüsü, nəfəs alma, yaxud əzələlərin hərəkəti müşahidə edilirsə, o, diridoğulmuş uşaq sayılır və tibb işçiləri tərəfindən ona lazımi yardım göstərilir.
Qeyd edək ki, vaxtından əvvəl doğuşların tezliyi inkişaf etmiş ölkələrdə 6-12 faiz arasında tərəddüd edir. İnkişaf etməkdə olan ölkələrdə isə bu rəqəm daha böyükdür. Vaxtından əvvəl doğuşların təxminən 40 faizi hamiləliyin 34-cü həftəsinə qədər, 20 faizi isə 32-ci həftəsinə qədər baş verir. Neonatal itkilərin 65 faizinin, uşaq yaşlarında nevroloji pozğunluqların 50 faizinin səbəbi vaxtından əvvəl doğuşlardır. Vaxtından əvvəl baş verən doğuşların 80 faizi özbaşına baş verən doğuşlardır.
Hamiləliyin 32-ci həftəsinə qədər olan doğuşlar (bütün doğuşların 2 faizi) neonatal xəstəliklərin və neonatal ölümlərin əsas səbəblərindən sayılır.