Qeyri-İnfeksion Xəstəliklərə dair Məlumat Portlalı

Son yeniliklər

Qeyri-infeksion xəstəliklər (QİX) xroniki gedişi və dərin ictimai-sosial mahiyyəti ilə xarakterizə edilən, yoluxucu olmayan xəstəliklər qrupuna aiddir. Bu xəstəliklər qrupuna dörd  əsas patologiya  ürək-damar xəstəlikləri,onkoloji xəstəliklər, xronik obstruktiv ağciyər xəstəlikləri , şəkərli diabet  və həmçinin psixi sağlamlığın pozuntuları  daxildir. 

QİX hallarının böyük əksəriyyətinin baş verməsi tütünçəkmə, spirtli içkilərdən sui-istifadə, fiziki passivlik və qeyri-sağlam qidalanma kimi davranış risk faktorları ilə bağlıdır. Bu risk faktorları isə yüksək qan təzyiqi, piylənmə ilə nəticələnən artıq bədən çəkisi, hiperqlikemiya (qanda şəkərin artması) və hiperlipidemiya (qanda piylərin artması) kimi təhlükəli fizioloji dəyişikliklərə gətirib çıxara bilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına əsasən dünyada hər il

  • Tütünlə bağlı səbəblərdən 6 milyon insan (5.4 milyon – tütün çəkən; 600.000 – ikincili tütün tüstüsünün təsirinə məruz qalan) dünyasını dəyişir.
  • Spirtli içkilərdən sui-istifadə nəticəsində 3,3 milyon ölüm hadisəsinin yarısı məhz QİX-lə bağlıdır.
  • 3,2 milyon insan fiziki passivlik
  • 1,7 milyon insan meyvə və tərəvəz qəbulunun azlığı
  • 2,8 milyon insan artıq bədən çəkisi və ya piylənmə səbəbindən vəfat edir. 

 

Azərbaycanda QİX-in miqyası:

Azərbaycanda da xəstələnmə və ölüm hallarının əsas səbəblərini QİX təşkil edir.

2014-cü ildə ölkədə ümumilikdə 55,6 min  ölüm halı qeydə alınmış və bunların 63,2%-i QİX-lə bağlı baş vermişdir. Bütün ölüm hallarının sırasında 6.5 mini onkoloji xəstəliklərin, 33.2 mini qan dövranı xəstəliklərinin, 1,5 min - tənəffüs orqanlarının xəstəliklərinin, 1,0 min - şəkərli diabet daxil olmaqla digər qidalanmamaddələr mübadiləsi pozuntuları və endokrin sistemi xəstəliklərinin payına düşmüşdür. 

QİX səbəbindən ölüm və xəstələnmə hallarının profilaktikası məqsədi ilə geniş əhali və xüsusilə də, gənclər arasında maarifləndirmənin aparılması məqsədi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən www.saglamliq.isim.az internet saytında Qeyri-infeksion Xəstəliklərə dair Məlumat Portalı yaradılıb.

Portalda sübutlu təbabət əsasında şəkərli diabet, yüksək qan təzyiqi, artıq çəki və piylənmə, sağlam qidalanmanın əsasları, tütünçəkmə, spirtli içkilərdən sui-istifadə, fiziki aktivliyə dair məlumat və tövsiyyələr, habelə iş yeri ilə bağlı stres və onun idarə olunması, uşaqlar və böyüklərdə onkoloji xəstəliklərin erkən aşkarlanması və profilaktikasına dair digər faydalı məlumatlar yer alıb. 

Bununla yanaşı istənilən şəxs portalda yaradılmış “Mənim Sağlamlığım” bölməsinə daxil olaraq, ümumi sağlamlıq durumunu qiymətləndirməklə sağlamlıq üçün risk faktorlarını müəyyənləşdirə və onların aradan qaldırılması, profilaktikası üçün dəyərli məsləhətlər əldə edə bilər.