İqlimin dəyişməsi və insan sağlamlığı üçün təhlükələri barədə 10 fakt
Son yeniliklərÇoxsaylı məlumatlar sübuta yetirir ki, insan fəaliyyəti iqlimə qlobal təsir edir və bununla da insanların sağlamlığında ciddi dəyişikliklərə səbəb olur. Faciəli meteoroloji hadisələr, ərzaq və su ehtiyatlarına təsir edən qeyri-sabit iqlim şəraiti, infeksion xəstəliklərin baş verməsinin yeni modelləri və ekosistemlərin dəyişməsi ilə xəstəliklərin yaranması - bütün bunlar qlobal istiləşmədən irəli gəlir və sağlamlıq üçün təhlükələr törədir.
İqlim və hava sağlamlığa artıq güclü təsir göstərməkdədir: yüksək hərarət müddətində və daşqınlar kimi təbii fəlakətlər zamanı, malyariya kimi həyat üçün təhlükəli olan transmissiv (ötürücü) xəstəliklərin modelləri dəyişir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Dr.Marqaret Çan qeyd etdiyi kimi, iqlimin dəyişməsinin davam etməsi sağlamlığa aid bəzi əsas faktorlardan olan qida məhsullarına, hava və suya həddindən artıq mənfi təsir göstərəcək. Zəif səhiyyə infrastrukturları olan, əsasən inkişaf edən ölkələr xaricdən yardım göstərilmədikdə bu dəyişikliklərə hazırlaşmaq və zəruri cavab tədbirləri görmək iqtidarında olmayacaqdır.
Aşağıdakı seçilmiş FAKTLAR iqlimin dəyişməsinin sağlamlığa göstərdiyi hazırki və gözlənilən təsirlərinə həsr olunur.
Fakt 1
Son 50 ildə insan fəaliyyəti, xüsusilə də yer altından çıxan yanacağın yandırılması nəticəsində iqlimə qlobal təsir edən külli miqdarda karbon qazı və digər parnik qazları havaya tullanmışdır. Karbon qazının atmosferdəki miqdarı “sənaye inqilabı” ndan əvvəlki səviyyəsindən 30%-dən çox artmışdır ki, bu da çox isti havanın atmosferin aşağı təbəqələrində saxlanılmasına gətirib çıxarır. Bunların nəticəsində baş verən iqlimin qlobal dəyişməsi sağlamlıq üçün bir sıra təhlükələr törədir - məsələn, yüksək hərarətdən ölüm, infeksion xəstəliklərin modellərinin dəyişməsi və s.
Fakt 2
Tropiklərdən Arktikayadək iqlim və hava insan həyatına bilavasitə və dolayı yolla güclü təsir göstərir. Ekstremal meteoroloji hadisələrə aid şiddətli yağış, daşqınlar və 2005-ci ilin avqust ayında ABŞ-da Yeni Orleanı dağıtmış Katrina qasırğası kimi təbii fəlakətlər insanların sağlamlığını təhlükə qarşısında qoyur, onların əmlaklarını dağıdır və yaşama vasitələrindən məhrum edir. 1990-cı illərdə hava ilə əlaqəli təbii fəlakətlər nəticəsində bütün dünyada 600 000 ölüm hadisəsi baş vermişdir ki, bunların 95%-i kasıb ölkələrin payına düşür.
Fakt 3
Havanın qısa müddətli intensiv dəyişməsi də, ürək və respirator (nəfəs yolları) xəstəliklərdən ölüm hallarını artıra bilən istilik stressini (hipertermiya), ya da həddindən artıq soyumanı (hipotermiya) yaradaraq, sağlamlığa ciddi təsir göstərə bilər. Aparılan tədqiqatlar göstərdi ki, 2003-cü ilin yay aylarında Qərbi Avropadakı ən yüksək hərarətlər ölüm hallarının kəskin artmasına səbəb olmuşdur-həmin vaxtda qeydə alınan ölüm halları, hesablamalara görə, ötən illərin eyni dövrü ilə müqayisədə 77 000-dək çox olmuşdur.
Fakt 4
Hərarətin qlobal yüksəlməsi, astmaya səbəb olan bitki tozcuqları kimi, antropogen və təbii mənşəli bərk zərrəciklərin havada olan səviyyəsinə və mövsümi yayılması modellərinə təsir göstərir. 300 milyonadək insan astmadan əziyyət çəkir, 2005-ci ildə isə 250 000 nəfər bu xəstəlikdən vəfat etmişdir. İqlimin dəyişməsinin qarşısını almaq və nəticələrinə hazır olmaq üçün təcili tədbirlər görülməsə, yaxın 10 ildə astmadan ölüm hallarının təxminən 20%-dək artacağı gözlənilir.
Fakt 5
Dəniz səviyyəsinin artması - qlobal istiləşmənin digər nəticəsi - sahilboyu rayonların su altında qalması təhlükəsini artırır və əhalinin miqrasiyası ilə nəticələnə bilər. Hal-hazırda dünya əhalisinin 60%-dan çoxu sahil xəttininin 60 km məsafə dairəsində yaşayır. Misirin Nil çayının deltası, Banqladeşdə Qanqa-Braxmaputra çayının deltası və kiçik ada ölkələri kimi tanınan Hind okeanında Maldiv Adaları və Sakit okeanda Marşall Adaları, daha çox təsirə məruz qalan regionlardan hesab olunur. Daşqınlar bilavasitə travma və ölümlə nəticələnə bilər, eləcə də su vasitəsi ilə keçən xəstəliklərə və transmissiv xəstəliklərə yoluxma riskini artıra bilər. Əhalinin miqrasiyası isə gərginliyi və münaqişələrin potensial riskini artıra bilər.
Fakt 6
Düşən yağıntıların modellərinin dəyişməsi şirin su ehtiyatlarının yaradılmasına təsir edə bilər. Dünyada hər on nəfərdən dördü su çatışmazlığından əziyyət çəkir. Su çatışmazlığı və suyun pis keyfiyyəti gigiyena və sağlamlıq üçün təhlükələr törədə bilər. Bu isə il ərzində təxminən 1,8 milyon insanın ölümünə səbəb olan diareyanın (ishal), eləcə də korluğa gətirib çıxaran traxoma - göz infeksiyasının və digər xəstəliklərin yaranması riskini artırır.
Fakt 7
Su çatışmazlığı insanları uzaq məsafədən su gətirməyə və su ehtiyatlarını evdə saxlamağa vadar edir. Bu isə ev şəraitində suyun çirklənməsi riskini artıraraq, xəstəliklərin baş verməsinə səbəb ola bilər.
Fakt 8
İqlim şəraiti suya və ağcaqanadlar kimi ötürücülər vasitəsi ilə yayılan xəstəliklərə təsir edir. İqlimə həssas olan xəstəliklər dünyada olan ən öldürücü xəstəliklər siyahısındadır. 2002-ci ildə təkcə diareya, malyariya və zülal-kalorili çatışmazlıq dünyada 3 milyondan çox ölüm hadisələrinin səbəbi olmuşdur ki, onların 1/3-i Afrikada baş vermişdir.
Fakt 9
Hər il qida çatışmazlığından milyonlarla insan dünyasını dəyişir - həm həyatı davam etmək üçün qidalı maddələrin çatışmazlığı, həm də malyariya, diareya və respirator xəstəliklər kimi infeksion xəstəliklər qarşısında aciz qalmaları səbəbindən. Planetimizdə hərarətin artması və düşən yağıntılar rejiminin getdikcə dəyişməsi nəticəsində qida təminatından çətinlikləri olan bir çox inkişaf edən tropik regionlarda məhsulun daha da azalması gözlənilir. Məsələn, Mali dövlətində müvafiq tədbirlər görülməsə, 2050-ci illərədək aclıq keçirənlərin və bununla bağlı sağlamlığına mənfi təsiri olanların sayı iki dəfəyədək artacaq.
Fakt 10
Parnik qazlarının tullanmasının azaldılması tədbirləri və ya iqlimin dəyişməsinin sağlamlığa göstərdiyi zərərin məhdudlaşdırılması sağlamlığa müsbət təsir edə bilər. Məsələn, ictimai nəqliyyat vasitələrindən təhlükəsiz istifadənin və şəxsi avtomobillərə alternativ olan velosipedlər və ya piyada hərəkət etməyin həvəsləndirilməsi, karbon qazlarının tullanmasını azalda və əhalinin sağlamlığını yaxşılaşdıra bilər. Bu nəinki yol-nəqliyyat travmatizminin azalmasına, hətta havanın çirklənməsi səviyyəsinin və bununla əlaqəli olan respirator və ürək-damar xəstəliklərinin azalmasına kömək edər, eləcə də fiziki aktivliyin artması ilə ümumi ölüm göstəricilərin aşağı enməsinə səbəb ola bilər.
Sağlamlığınızı iqlimin dəyişməsindən qoruyun!!!