Səhiyyə sahəsində KORRUPSİYA ilə mübarizə

Son yeniliklər

Korrupsiya qədimdən mövcud olan və bu gün də dünyanın demək olar ki, bütün ölkələrində rast gəlinən, istənilən sahədə inkişafa mane olan siyasi və iqtisadi haldır. Korrupsiyaya qarşı mübarizə demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdəndir.

Korrupsiya nədir? 

Korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.

Son illər Azərbaycanda antikorrupsiya tədbirləri kimi qəbul edilən qanun və proqramlarda dövlət və yerli özünüidarə orqanları, eləcə də ictimaiyyət qarşısında mühüm vəzifələr qoyulub. 

Korrupsiyaya qarşı mübarizədə təkcə dövlət deyil, ictimai nəzarət, vətəndaş cəmiyyətinin aktivliyi əhəmiyyətli rol oynayır!

Aparılan təhlillər göstərir ki, korrupsiya halları bu yöndə qəbul edilən hüquqi aktlar, sərəncamlar, strategiyalarla bağlı məlumatsızlıq səviyyəsinin aşağı olmasından da baş verir.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən:

Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır!

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq:

Vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi korrupsiya hüquq pozuntusu kimi sayılır.

İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.

▶Həkim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində insana ehtiramla, vicdanla, humanizm və mərhəmətlik prinsiplərini rəhbər tutaraq, peşəkarlıq səviyyəsində həyata keçirməlidir.

▶Xəstənin yaşından, cinsindən, irqindən, milliyyətindən, dini əqidəsindən, sosial vəziyyətindən, siyasi baxışlarından, vətəndaşlığından və maddi vəziyyəti daxil olmaqla başqa mənsubiyyətlərdən asılı olmayaraq həkim öz vəzifələrini yerinə yetirməlidir.

▶Həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Xəstələrə göstərdiyi yardımın keyfiyyətinin artırılması məqsədi ilə həkim, tibb elminin son nailiyyətlərindən istifadə edərək, öz bilik və bacarıqlarını daim təkmilləşdirməlidir.

 

Həkimin hərəkətlərinə və qəbul elədiyi qərarlara şəxsi və maddi maraqların səbəbləri təsir etməməlidir.

Həkim öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına yol verdikdə qanunvericiliyə uyğun olaraq intizam, inzibati, cinayət və digər məsuliyyətə cəlb oluna bilər. 

 “Əhalinin sağlamlığının qorunması haqqında”

Azərbaycan Respublikasının Qanununa uyğun olaraq:

▶Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur, yalnız bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

▶Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

▶Hər bir vətəndaş ailənin planlaşdırılması, ətrafdakılar üçün təhlükə törədən xəstəliklərin mövcudluğu məsələlərinə və ailə-nikah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair, habelə nəsildə mümkün olan irsi xəstəliklərə yol verməmək məqsədilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz məsləhətlər almaq, müayinədən keçmək və dispanser nəzarətində olmaq hüququna malikdir.

Hər bir qadın hamiləlik dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunur.

Məişət zorakılığından zərər çəkmiş şəxslər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunurlar.

Pensiyaçıların evdə, dövlət səhiyyə sistemi müəssisələrində tibbi yardımla, eləcə də sosial müdafiə sistemi müəssisələrində tibbi-sosial yardımla pulsuz təmin olunmaq, tibbi rəy əsasında sosial sığorta və ya sosial-müdafiə orqanlarının vəsaitləri hesabına güzəştli şərtlərlə sanatoriya-kurort müalicəsi almaq və reabilitasiya olunmaq hüquqları vardır.

 

Azərbaycan Respublikası

Səhiyyə Nazirliyinin

Qaynar Xətti

9103

Səhiyyə Nazirliyinə daxil olan vətəndaş müraciətləri (ərizə, şikayət və təkliflər) ilə bağlı məlumatları əldə etmək

üçün telefon:

(+99412) 441 26 03

(daxili nömrə: 113)