Tütün haqqında 12 Mif


Ümumi məlumat

Tütünçəkmənin sağlamlığa vurduğu zərərin azaldılmasına və aradan qaldırılmasına yönəlmiş ictimai səhiyyə tədbirlərinin səmərəliliyi artıq məlumdur. Lakin insanları tütünçəkməyə başlamağa və ya davam etməyə həvəsləndirən, həmçinin onları tütündən imtina etməkdən çəkindirən bir çox yanlış fikirlər, miflər hələ də mövcuddur. Bu yanlış fikirləri dağıtmaq və tütün epidemiyası ilə bağlı həqiqətləri əhalinin diqqətinə çatdırmaq məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Thomas R. Frieden və Drew E. Blakemanın “American Journal of Public Health” jurnalının 2005-ci ilin 9-cu nömrəsində dərc edilmiş “The Dirty Dozen: 12 Myths That Undermine Tobacco Control” adlı məqaləsi 31 may Ümumdünya Tütünsüz Günü ilə əlaqədar 2010-cu ildə tərcümə edilmişdir.

Tütünçəkmənin sağlamlıq üçün mənfi təsiri və tütün istifadəsinin azaldılması məqsədilə həyata keçirilən klinik və ictimai səhiyyə tədbirlərinin səmərəliliyi ətraflı tədqiq olunub və sənədləşdirilib. Buna baxmayaraq tütünçəkmə barədə mövcud olan çoxsaylı yanlış fikirlər insanları tütün çəkməyə başlamağa və ya tütün çəkməkdə davam etməyə həvəsləndirir, həmçinin, istehlakçıları tütünü tərgitmək fikrindən daşındırır.

Bəzi yanlış fikirlər ictimaiyyətə düzgün təqdim olunmayan ümumi fikirlərdən yaranır, digərləri isə insanları, xüsusilə də uşaqları tütün çəkməyə və böyüyəndə də bu vərdişi davam etdirməyə həvəsləndirmək üçün tütün sənayesi tərəfindən qəsdən yayılır. Belə yanlış fikirlər tütünlə mübarizə işində böyük çətinliklər yaradır. Lakin tütünə qarşı kütləvi maarifləndirmə kampaniyalarından ibarət olan çoxşaxəli tütünlə mübarizə proqramları bu yalan fikirlərlə səmərəli mübarizə apara bilər və tütünün istifadəsi ilə bağlı xəstəliklərin və vaxtından əvvəl ölümün qarşısını ala bilər. Tütünçəkmə ABŞ-da hər il təxminən 8,6 milyon insanda ciddi xəstəliklər törədir. Bunun nəticəsi olaraq hər il 167 milyard dollar məbləğində sağlamlıqla əlaqədar itkilər qeydə alınır və təxminən 438 min insan dünyasını dəyişir. Dünya üzrə rəqəmlərə gəldikdə isə tütün istifadəsi hər il 5 milyondan çox insanın həyatına son qoyur. Əgər mövcud tendensiya davam edərsə, bu rəqəm 2030-cu ilədək iki dəfə artacaq və tütünçəkmə XXI əsrdə 1 milyard insanın ölümünə səbəb olacaq.

Tütünçəkmənin ABŞ-da və dünyanın bir sıra ölkələrində tədricən azalmasına baxmayaraq bəzi regionlarda və müəyyən populyasiyalarda, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə və qadınlar arasında tütündən istifadə sürətlə artır. Tütünün sağlamlıq üçün zərəri barədə məlumatların tütünün ilk dəfə Avropaya gətirilməsindən sonra, yəni 400 il bundan əvvəl aşkar olunmasına və ictimaiyyətə çatdırılmasına baxmayaraq tütündən istifadədə belə tendensiyanın müşahidə olunması çox acınacaqlı haldır. 

Bəşəriyyətin tarixi boyu tütünçəkmə ilə bağlı bir çox miflər ortaya çıxmışdır. Bu miflər insanları tütün çəkməyə başlamağa, tütündən istifadəni davam etdirməyə və ya tütünçəkməni tərgitmək fikrindən daşındırmağa xidmət etmişdir. Əfsuslar olsun ki, tək tütün çəkənlər deyil, hətta bəzi həkim və siyasətçilər də bu cür miflərə inanırlar. Belə hal tütünlə səmərəli mübarizə siyasətini və tütünçəkənlər üçün müalicə üsullarının hazırlanmasını ləngidir. Bu məqalədə tütün haqqında 12 ən geniş yayılmış mif nəzərdən keçirilir və təkzib edilir.

I Mif

Biz hamımız inanırıq ki, sərbəst seçim haqqına malik olan insanlarıq. Tütünün istifadəsinə gəldikdə isə seçim reklam və asılılıq kimi amillərin təsirinə məruz qalır. ABŞ-ın tütün sənayesi 2002-ci ildə tütün məmulatlarının reklamı, marketinqi və təbliğatına 12,5 milyard dollar məbləğində maliyyə xərcləmişdir. Bu, 1997-ci ildəki xərclərdən iki dəfə, tütünlə mübarizəyə sərf olunan xərclərdən isə 18 dəfə çoxdur.

Reklamın və marketinq vasitələrinin gənclərə ünvanlanması daha acınacaqlı və yolverilməzdir. Siqaretlər vasitəsilə asılılıq yaradan maddə, yəni nikotin insan orqanizminə çatdırılır. Tütün istehsalçıları siqareti “nikotini çatdırma vasitəsi” adlandıraraq, məhz tütünün tərkibində olan nikotinin insanları tütünçəkməyə həvəsləndirməsini etiraf edirlər.

Həddi-buluğa çatmamış uşaqlar bir çox hallarda, o cümlədən tütün çəkməyə özbaşına qərar vermək hüququna malik deyillər. İnsanların gənc yaşlarından tütün çəkməyə başlaması gün ərzində daha çox siqaretin çəkilməsinə və sonradan siqareti tərgitmə ehtimalının azalmasına gətirib çıxarır. Statistik məlumatlar göstərir ki, mütəmadi tütün çəkənlərin 80%-dən çoxu 18 yaşından əvvəl tütün çəkməyə başlamışlar. 

Tütün çəkənlərin əksəriyyəti siqareti tərgitmək istəyir. Lakin tütün sənayesi insanlarda asılılığı saxlamaq üçün hər siqaretdə nikotinin olmasını təmin edir, istehsal üsulları və kimyəvi əlavələr isə nikotinin miqdarını artıra bilir.

II Mif

İnsanların böyük əksəriyyətinin tütünçəkmənin sağlamlıq üçün zərərli olduğunu bilməsinə baxmayaraq, bu haqda məlumatı az olan insanlar da çoxdur. Uşaqlıq boynu xərçəngi, osteoporoz, erkən menopauza, vaxtından əvvəl doğuşlar, uşaqlıqdan kənar hamiləlik və sonsuzluq da daxil olmaqla tütün istifadəsi ilə bağlı reproduktiv problemlər haqqında az sayda qadın məlumatlıdır. 55-74 yaş arasında olan kanadalıların təqribən yarısında ürək xəstəliklərinin əsas səbəbi kimi tütündən istifadə göstərilmişdir. Çində tütün çəkənlərin 90%-dən çoxu kişilərdir, 4 tütün çəkəndən yalnız biri tütünçəkmənin sağlamlıq üçün ciddi problemlər yaratdığına inanır. İnformasiya çatışmazlığının nümunəsi kimi, Nyu-York şəhərində çinli kişi immiqrantlar arasında tütünçəkmə səviyyəsinin ümumi əhali arasındakı tütünçəkmə səviyyəsindən daha yüksək olmasını göstərmək olar.

Çində doğulmuş, tütünçəkmənin zərəri haqqında məhdud biliyə malik olan kişilərin daha məlumatlılarla müqayisədə tütünçəkməyə meylliliyi iki dəfə çoxdur. Misal üçün, 1997-1998-ci illərdə keçirilmiş sorğuların nəticələri göstərir ki, kənddə yaşayan tütünçəkənlər, tütünçəkmənin sağlamlıq üçün zərərli təsirindən daha çox “müsbət” təsirlərini sadalayıblar.

Artıq məlumdur ki,tütünçəkmə orqanizmin demək olar ki, bütün orqanlarında xəstəlik törədə bilər (Şəkil 1). Ağciyər xərçəngi, ürək-damar xəstəlikləri, beyinə qansızmalar və emfizema daxil olmaqla tütünçəkmə bir çox xəstəliklərin səbəbi kimi qeyd olunur. Tütünçəkmə aşağıdakı xəstəliklərin yaranmasına səbəb olur: xərçəng (düz bağırsaq, uşaqlıq, böyrək, mədəaltı vəzi, öd kisəsi, qida borusu, qırtlaq, ağız boşluğu, udlaq və mədə xərçəngi), kəskin mieloid leykemiya, ürək-damar xəstəlikləri (ateroskleroz, insult, abdominal aortanın anevrizması və s.), tənəffüs yolları xəstəlikləri (ağciyər funksiyasının pozulması, xroniki obstruktiv ağciyər xəstəliyi, astma, pnevmoniya və s.), müxtəlif xəstəliklər (katarakta, periodontit, bud sümüyünün sınığı, mədə xoraları və s.), ümumi sağlamlıq statusunun zəifləməsi və xəstələnmələrin artması (tibbi xidmətlərdən istifadənin artması, cərrahi müdaxilələrdən sonra ağırlaşmalar və s.), osteoporoz, hamiləliyin ağırlaşmaları (azçəkili uşaqların doğulması, vaxtından əvvəl doğuşlar, ölü doğuş, uşaqlarda ağciyər obstruksiyası, qəfləti uşaq ölümü sindromu və s.) reproduktiv problemlər.

III Mif

Ağciyər xərçəngi ilə tütün istifadəsi arasında bilavasitə asılılıq mövcuddur. Tütünçəkmə ürək-damar xəstəliklərinin və onların nəticəsində baş verən ölümlərin artmasını törədən əsas amillərdən biri hesab olunur. Passiv tütünçəkmə nəticəsində ürəyin işemik xəstəliyi və müvafiq olaraq miokard infarktı riski kəskin artır. Hətta az miqdarda tütün tüstüsünə məruzqalma trombositlərin aqreqasiyasını artırır, hemodinamik dəyişikliklərə səbəb olur. Gündə 5 dənəyə qədər siqaret çəkən hamilə qadınlarda aşağı çəkili uşaqların doğulması ehtimalı daha çoxdur. Xərçəng ABŞ-da tütünçəkənlər arasında ölüm hallarının əsas səbəbi kimi qeyd olunur və 80% təşkil edir.

Bütövlükdə tütünlə bağlı ölüm hallarının əsas səbəbi ürək-damar xəstəlikləridir. Bu xəstəliklər həm tütünçəkənlər, həm də passiv tütünçəkənlər arasında qeyd olunur. Tütünlə bağlı xəstələnmə səbəbləri arasında ürək-damar xəstəliklərindən sonra tənəffüs yolları xəstəlikləri ikinci yerdədir. Ürək-damar xəstəlikləri karbon monoksidin və tütünün yanması zamanı əmələ gələn digər maddələrin təsiri nəticəsində yaranır. Onu da qeyd etmək lazımdır ki, “yüngül” siqaret növləri bu problemi aradan götürmür, xəstəliklərin və ölümlərin sayını azaltmır, əksinə istehlakçını aldatmağa yönəlmiş marketinq strategiyasıdır.

IV Mif

“Yüngül” adlanan siqaretlər “adi” siqaretlər kimi zərərlidir. Əfsuslar olsun ki, tütün istifadəçilərinin əksəriyyəti bu haqda məlumatlı deyillər. 

Tütün çəkənlərin 60%-i inanır ki, yüngül və ultra-yüngül siqaretlərin tərkibində nikotin və qatranın miqdarı azdır. Tütün şirkətləri bildirir ki, bu terminlər siqaretlərdə nikotinin miqdarı ilə deyil, onların tərkibinə daxil edilən dad və ətirverici maddələrlə bağlıdır. 160- dan çox ölkə tərəfindən qəbul olunmuş ÜST-nin Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasında tütün məhsullarının üzərində zərərinin az olması ilə bağlı yanlış fikirlər yaradan məlumatların yerləşdirilməsinə qadağa qoyulmuşdur. Tütün çəkənlərin 10%-dən azı 1 ədəd “yüngül” və ya “ultra-yüngül” siqaretdə 1 ədəd adi siqaretdəki qədər qatran olduğunu bilir. Əksər tütünçəkənlər qeyd ediblər ki, bu faktı bilsəydilər siqareti tərgitməyə daha çox səy göstərərdilər. “Yüngül” siqaret brendlərindən istifadə edənlər siqaret çəkməyi tərgitməyə cəhd etsələr də, təəssüf ki, bu sadəcə cəhd olaraq qalır.

Tütün sənayesi tərəfindən tərkibində guya az miqdarda qatran və nikotin olan “yüngül” siqaretlərin istehsalının sağlamlıqla bağlı təhlükələr baxımından heç bir fərqi yoxdur. “Yüngül” siqaretlərdən istifadə zamanı standart siqaretlərdəki qədər qatran, nikotin və karbon-monoksid əmələ gəlir.

Az qatranlı, “yüngül” və ya “ultra-yüngül” siqaret çəkənlərin bir çoxu qatran və nikotinin süni azaldılmasını əvəz etmək üçün daha çox siqaret çəkir, tütün tüstüsünü tənəffüs yollarına daha dərin çəkir və filtrlərin ventilyasiya dəliklərini bağlamaqla daha qatı tüstünün nəfəs yollarına çəkilməsinə nail olur. Tütün istehsalçıları artıq 30 ildir ki, bu vəziyyətdən xəbərdardırlar.

V Mif

Bir çox tütün çəkənlər tütündən istifadəni özləri tərgidə bilərlər. Bir o qədər də insan tütünçəkməni tərgitməyi çətin və ya qeyri-mümkün hesab edirlər. Hətta həkimlər tütünü tərgitməkdə çətinlik çəkirlər; tütün çəkən və ürək xəstəliyinə düçar olan həkimlərin yalnız yarısı bu vərdişi tərgitməyə nail ola biliblər. Tütün istehsalçıları tütünün tiryək kimi asılılıq yaratdığını yaxşı bilirlər. Nikotin bu xüsusiyyətinə görə həmçinin heroin, kokain və spirtli içkilərlə də müqayisə olunur.

Tütünçəkmənin tərgidilməsinin insan üçün faydaları haqqında çox sayda nəşrlər mövcuddur. Tütünçəkməni tərgitməyə ciddi qərar vermiş insanlar buna bir neçə dəfə cəhd etdikdən sonar nail olurlar. Tütünü tərgitməyi qərara alan istifadəçilərin əksəriyyəti hər il ən azı bir dəfə buna cəhd edir. Tütünü tərgitmək istəyənlərin əksəriyyəti buna məsləhət xidməti və ya tibbi preparatlardan istifadə etmədən nail olmaq istəyir, lakin yalnız 7%-i tütünçəkməni 1 il və ya 1 ildən çox müddətə tərgidə bilir.

VI Mif

Nikotin əvəzedici müalicə (NƏM – plastır, saqqız, burun spreyi, həblər) və bupropion daxil olmaqla tütünçəkmənin tərgidilməsinə kömək edən preparatlar istifadəçilərin tütünü tərgitmə cəhdlərinin uğurlu nəticə verməsini iki dəfə artırır.

Bəzi tütün çəkənlər üçün kombinə edilmiş müalicə (müxtəlif tipli NƏM, NƏM və bupropionla; NƏM və məsləhət xidməti, NƏM, bupropion və məsləhət xidməti) daha çox səmərə verir. Birinci müalicə kursu nəticəsində effekt əldə edə bilməyən istifadəçilər təkrar müalicə kursundan keçdikdə tütünü tərgitmə ehtimalı artır; kombinə edilmiş müalicə kursları xüsusilə effektiv olur.

VII Mif

Tütün çəkən amerikalıların demək olar ki, yarısı artıq tütünü tərgidib. Tütünçəkmənin tərgidilməsinin çətin olmasına baxmayaraq milyonlarla insanın tütünü tərgitməsi, hər bir şəxsin buna qadir olduğunun bariz nümunəsidir.

VIII Mif

Orta dərəcədə tütün çəkən və tütünlə bağlı xəstəliklərdən dünyasını dəyişən insanların ömrü 14 il qısalır. Tütün çəkməyən insanların 95%-i bu əlavə illəri sağlam və əmək qabiliyyətini itirmədən yaşayır. Tütün çəkməmək insan ömrünü uzadır və əmək qabiliyyəti itirilmiş illərin sayını azaldır.

Tütün çəkmək xüsusilə yaşlı insanlarda əqli və fiziki müstəqilliyin itirilməsinə gətirib çıxarır. Tütünü tərgitmək heç vaxt gec deyil. Hətta onilliklərdən sonra tütünün tərgidilməsi insanın səhhətini yaxşılaşdırır və ömrünü uzadır.

IX Mif

Ətrafımızdakı tütün tüstüsü xəstəliklər və ölümə səbəb olur. Tütün çəkməyən insanlar 30 dəqiqə tütün tüstüsünə məruz qaldıqdan sonra onların qan dövranında tütün çəkənlərin qan dövranında baş verən proseslər eynilə baş verir və bu onlarda ürəyin işemik xəstəliyi təhlükəsini artırır. Ətraf mühitin tütün tüstüsü ilə çirklənməsi digər xəstəliklərin də yaranma ehtimalını artırır: tənəffüs yollarının xroniki xəstəliklərinin yaranma ehtimalı - 25%, böyüklərdə astma xəstəliyi - 40-60%, uşaqlarda kəskin respirator xəstəliklər – 50 -100%, yenidoğulmuşlarda qəfləti ölüm sindromu – iki dəfə.

X Mif

Tütün istehsalçıları iddia edirlər ki, tütün sənayesi iqtisadiyyat üçün çox gərəklidir.

Bu fikri tütün sənayesinin insanları işlə təmin etməsi, vergilərdən gələn gəlir və ümumi milli məhsula öz töhfəsini verməsi ilə əsaslandırırlar. Lakin, tütünçəkmənin cəmiyyətə vurduğu uzunmüddətli ziyanlar iqtisadi faydalardan dəfələrlə çoxdur. Dünya Bankının tütün və iqtisadiyyatla bağlı analitik məlumatlarına əsasən insanlar pullarını tütünə deyil, digər məhsullara və xidmətlərə xərclədikləri halda işlə təminat məsələlərinə və iqtisadiyyata daha müsbət təsir olar və tütün istifadəsi nəticəsində baş verən itkilər əvəz olunardı.

ABŞ-da səhiyyə xərcləri və vaxtından əvvəl ölümlə bağlı məhsuldarlığın itirilməsi daxil olmaqla, tütünçəkmə nəticəsində iqtisadiyyatın illik itkiləri 167 milyard dollar təşkil edir. Bu xərclər ayrı-ayrı fərdlərin, ümumiyyətlə ictimaiyyətin üzərinə düşür və ABŞ-da tütünçəkənlərin il ərzində tütünə xərclədiyi 81 milyard dollardan (vergi, istehsal və marketinq xərcləri daxil olmaqla) iki dəfə artıqdır.

Tütünün tərgidilməsinə yönələn müalicə üsulları güclü elmi dəlillərə əsaslanır və iqtisadi cəhətdən digər tibbi müdaxilələrlə müqayisədə daha səmərəlidir. Biznes və sığorta kompaniyaları tütünün tərgidilməsi üzrə proqramlara dəstək üçün maliyyə ayırmalıdırlar. Çünki tütün çəkməyənlər daha məhsuldar iş nümayiş etdirir və olduqca az sayda iş günü buraxırlar. Tütünün tərgidilməsi üzrə xidmətlərin sığorta paketinə daxil olunması işəgötürən tərəfindən işçilərə verilən ən səmərəli səhiyyə sığortası növüdür.

XI Mif

Tütünün törətdiyi sağlamlıq problemləri hələ də həll olunmayıb. ABŞ-da tütünçəkmə ilə bağlı göstəricilərin azalmasına baxmayaraq hər 5 amerikalıdan biri tütün çəkir (təxminən 50 milyon insan). Bu, son illər böyüklər və gənclər arasında tütünçəkmə göstəricilərinin ləng azalması və ya ümumiyyətlə azalmamasında öz əksini tapır.

Dünyada 1.3 milyard insan tütün çəkir. Bəşəriyyətin tarixində bu, ən yüksək göstərici hesab olunur. Əgər yerli, milli və beynəlxalq səviyyədə lazımi tədbirlər görülməzsə, bu əsr ərzində 1 milyard insan tütünlə bağlı səbəblərdən dünyasını dəyişəcək. Dünya ictimaiyyətinin diqqətini tələb edən digər sağlamlıq problemlərinin olmasına baxmayaraq, tütünə nəzarətlə bağlı mühüm konsepsiyalardan biri odur ki, bu sahədə özünü doğrultmuş müdaxilə proqramları mövcuddur.

Vergilərin artırılması, tütünsüz ərazilərin genişləndirilməsi, tütünü tərgitmək üçün müalicənin tətbiqi, maarifləndirmə kimi tədbirlər tütündən istifadəni azaldır. Biz hansı sağlamlıq probleminin daha vacib olduğunu müzakirə etməməliyik, sağlamlıqla bağlı bütün problemlərin vacib olduğunu, diqqət və elmi əsaslandırılmış tədbirlərin görülməsini tələb etdiyini təsdiqləməliyik.

XII Mif

Bu, tütün haqqında mövcud olan ən təhlükəli mifdir və doğru deyildir. 1998-ci ildə bağlanan Sahibkarların Nizamlama Razılığının (SNR) tərkib hissəsi olan və tütün sənayesi tərəfindən onun bəzi fəaliyyətlərinin dayandırılması barədə vədə baxmayaraq, uşaqlar siqaret reklamı və marketinq cəhdlərinin təsirinə məruz qalır və tütün şirkətlərinin ictimai səhiyyənin səyləri ilə mübarizəsi davam edir. Onilliklər boyu tütün sənayesi qlobal ictimai səhiyyə problemlərindən diqqəti yayındırmaq, elmi tədqiqatları təhrif etmək, siyasətə müdaxilə etmək, elmi və siyasi fəaliyyətlər üçün büdcələri azaltmaq məqsədilə hüquqşünasları, ictimaiyyətlə əlaqələr üzrə ekspertləri və alimləri işə cəlb edir. Sonralar tütün kampaniyaları “anti-sənaye” adlandırdıqları sağlamlıqla bağlı reklam kampaniyalarının dayandırılması üçün məhkəmə iddiaları qaldırdılar.

Tütün sənayesi bazarının liderləri bu yaxınlarda tütün sənayesinin cəmiyyətə mənfi təsirinin əvəzi olaraq və imiclərini düzəltmək məqsədilə koorporativ sosial məsuliyyət proqramları qəbul etməyə məcbur olublar. Lakin tütün biznesi gəlirlərini saxlamaq və artırmaqla sosial baxımdan məsuliyyətsiz hərəkət edir. Misal üçün, “Philip Morris” şirkətinin nümayəndələri deyirlər ki, qəbul etdikləri proqramların məqsədinin kompaniyanın nüfuzunun qorunmasını, səhmlərin dəyərinin artırılmasını, yetkinlik yaşına çatanların tütün çəkmək hüquqlarının qorunmasını təmin etməkdir. Bir sözlə “Philip Morris”in biznes üsulu əhəmiyyətli dərəcədə dəyişmir.

Siqaret reklamı uşaqları əhatə etməkdə davam edir. Misal üçün, tütün şirkətlərinin gənclər arasında ən populyar olan üç siqaret növünün jurnal reklamları 2000-ci ildə ABŞ gənclərinin orta hesabla 80%-dən çoxuna çatmışdır. Tütün şirkətlərinin reklam məmulatlarına (maykalar, papaqlar və s.) sahib olan uşaqların başqa uşaqlarla müqayisədə tütün çəkmək ehtimalı 7 dəfə çoxdur.

Uşaqlar və yeniyetmələr (12 -17 yaş), yəni tütünmçəkməni başlamaq üçün ən “əlverişli” yaşda olanlar, böyüklərlə müqayisədə tütün reklamlarının təsirinə 2-3 dəfə çox məruz qalır. Bədii filmlərdə tütünçəkmənin göstərilməsi yeniyetmələr arasında tütünçəkmə ehtimalını artırır. Tütünçəkməni əks etdirən filmlərə baxan yeniyetmələrin tütün çəkmək ehtimalı, filmlərdə tütünçəkməni görməyən yeniyetmələrlə müqayisədə 3 dəfə çoxdur. Yeniyetmələrdə tütünçəkməyə bütün cəhdlərin yarısı həmin filmlərlə əlaqədardır. Müasir dövrdə çəkilən bədii filmlərdə tütünçəkmə, 1950-ci illərin filmlərinə nisbətən daha çox əks etdirilir və tanınmış brendlərin istifadəsi həmin siqaretlərə daha çox populyarlıq gətirir. Siqaret brendlərinin təbliği, yəni kinofilmlərdə çəkilən ulduzların xüsusi markalardan istifadə etməsi 11 dəfə artıb. Ekranda tütün çəkən ulduzlar yeniyetmələr arasında tütünçəkmə vərdişlərinə güclü təsir göstərir və yeniyetmənin tütün çəkməyə başlaması ehtimalını artırır. Musiqi klipləri, televiziya və digər media vasitələrində tütünçəkmənin əks etdirilməsi də yeniyetmələrin tütünçəkmə vərdişlərinə təsir göstərir. Tütün sənayesinin tütünçəkmə təbliğatı həm də valideynlərin yeniyetmələrə tütünçəkmənin başlamasının qarşısının alınmasında təsir göstərmək qabiliyyətini azaldır.

Nəticələr

Tütünlə bağlı miflərin çoxu sağlam həyat ideyasının düzgün başa düşülməməsi nəticəsində yaranır. Bəzi neqativ miflər isə insanlarda, əsasən uşaqlarda tütünçəkməyə həvəs yaratmaq və böyüyəndə tütünçəkməyə davam etmək məqsədilə tütün sənayesi tərəfindən qəsdən yayılır. Bu miflərə yalnız tütün çəkənlər yox, bəzi həkim və siyasətçilər də inanır, bu da tütünlə effektiv mübarizə siyasətinin qarşısını alır və tütündən asılı olanların müalicəsini ləngidir. Bu miflərlə mübarizə üsulları mövcuddur və onlardan səmərəli istifadə xəstəliklərdən qorunmağa, vaxtından əvvəl ölümün qarşısını almağa imkan yaradır.

Müxtəlif media vasitələrinin tütünçəkməyə qarşı kütləvi maarifləndirmə kampaniyaları, vergilərin artırılması, tütündən azad iş məkanları haqqında qanunvericilik və imtina proqramları ilə gücləndirilməsi yaxşı nəticələr verir. Dövlət və ictimai səhiyyə təşkilatlarının rəhbərlikləri təşəbbüsü öz üzərinə götürsələr də, sahibkarlar, sığortaçılar, icmalar və fərdlər tütünlə mübarizədə vacib rol oynayırlar. Lakin biz həm faktların çatdırılması, həm də insanları tütün çəkməyə həvəsləndirən və imtina etmək hallarını azaldan miflərlə, yarı-doğru və yarı-yalanlarla mübarizə aparmaq üçün yeni həll yolları tapmalıyıq.

SON YENİLİKLƏR

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...

İnfarkt və İnsultun profilaktikası

25.07.2016
Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə pro...