Titrətmə və yüksək hərarət (uşaqlarda)


Uşaqlarda əksər hallarda titrətmə və yüksək hərarət öskürək, soyuqdəymə və digər virus infeksiyaları kimi ümumi infeksiyalar nəticəsində baş verir. 3 aya qədər uşaqlarda isə hərarətin olması nadir haldır və belə hal baş veribsə, mütləq tibb mütəxəssisinə müraciət etmək lazımdır. 3 və 6 ay arası olan uşaqlarda hərarət 39°C və daha artıq olarsa, ləngimədən həkimə müraciət etməli və uşağa çoxlu miqdarda maye qəbul etdirməlisiniz. 

Titrətmə və yüksək hərarətə nə səbəb olur?

 

  • Virus adlanan mikroblarla infeksiyalar ümumi səbəbdir. Virus infeksiyaları soyuqdəymə, öskürək, qrip, diareya və s. kimi ümumi xəstəliklərə səbəb olur. Nadir hallarda virus infeksiyaları daha ciddi xəstəliklərə səbəb olur.

  • Bakteriya adlanan mikroblarla infeksiyalar virus infeksiyalarına nisbətən daha az yayılmasına baxmayaraq, onlar da hərarətə səbəb olur, pnevmoniya, sidik və böyrək infeksiyaları, sepsis və meningit kimi ciddi xəstəliklər törədirlər.

Ciddi infeksiyası olan uşağın vəziyyəti, adətən, hərarəti salmaq cəhdlərinə baxmayaraq, daha da pisləşir. Bundan əlavə, digər narahatlıq doğuran simptomlar da ola bilər. Məsələn, getdikcə pisləşən tənəffüs problemləri, yuxululuq, qıcolmalar, ağrılar və ya baş ağrıları.

Qeyd: uşağınızda hərarət olduqda gecə ərzində 2-3 dəfə ona nəzarət edin.

Hərarəti olan uşağa necə qulluq etməli?

 

  • Uşağı sakitləşdirin.

Titrətmə uşaqda narahatlıq və əsəbilik yarada bilər. Hərarəti salmaq üçün uşağa “parasetamol” və “ibuprofen” adlanan dərman vasitələrini maye şəklində verə bilərsiniz. Uşaqlar üçün dərman müvafiq dozada buraxılış formasında verilir.

Qeyd: bu dərman vasitələri hərarətin səbəbini aradan qaldırmır. Onlar sadəcə narahatlığı yüngülləşdirməyə kömək edir.

Qeyd: parasetamol və ibuprofeni eyni zamanda istifadə etməyin. Lakin həkim tərəfindən müvafiq hallarda bu dərman vasitələrinin növbə ilə qəbulu tövsiyə edilə bilər.

  • Uşağı qalın geyindirməyin.

  • Çox miqdarda maye verin.

Su dehidratasiyanın (bədənin susuzlamasının) qarşısını almağa kömək edir. Uşaq maye qəbul etməyi istəmədiyi halda ilk olaraq, parasetamol və ya ibuprofen verməyiniz kömək edə bilər. Sonra hərarət çox güman ki, endiyi zaman yarım saat və ya daha sonra uşağa maye içizdirməyə cəhd edin. Uşaq döşlə əmizdirilirsə, ana südü ilə qidalanmanı davam etdirin və mayenin miqdarını artırmaq üçün uşağı tez-tez qidalandıra bilərsiniz.

Xüsusilə, çox qusan və ya diareyası olan uşaqlarda dehidratasiya daha tez inkişaf edir. Dehidratasiyanın olduğu hala ağızda quruluq, göz yaşlarının olmaması, batıq gözlər, yuxululuq və ümumiyyətlə, vəziyyətin pisləşməsi kimi əlamətlər aiddir. Uşağınızda dehidratasiyanın inkişaf etməsinə şübhələndiyiniz halda tibbi yardıma müraciət edin.

  • Uşaqda hərarət olduqda bədənini soyuq süngərlə ovuşdurmayın.

Bu, çox geniş yayılmış üsuldur, lakin tövsiyə edilmir. Səbəbi odur ki, su çox soyuq olduqda dəri altında olan damarlar daralır. Bu, istilik itkisini azaldır və istiliyi bədənin ən dərin hissələrində saxlayır. Uşağın vəziyyəti daha da pisləşə bilər. 

Meningit və septisemiya (qan zəhərlənməsinin) ilkin səciyyəvi əlamətləri

 

Meningit və ya qan zəhərlənməsi olan bir çox uşaqda ilkin olaraq, “xarakterik olmayan” simptomlar olur. Səciyyəvi simptomlardan əvvəl ilkin mərhələdə əmələ gələn üç əsas simptom aşağıda göstərilmişdir:

• Ayaqda kəskin ağrı. Ayaq üstə durmağın, eləcə də yeriməyin çətinləşməsi
• Qızdırma olduqda əllərin və ayaqların soyuq olması
• Solğun və ya ləkəli dəri. Xüsusilə, dodaqətrafı dərinin solğun, tünd və ya göy rəngli olması

Meningit və ya septisemiya nəticəsində bəzən səpkilər də meydana gələ bilər. Səpkilər qırmızı və ya bənövşəyi ola bilər. İlk olaraq, ləkələr əmələ gəlir və bədənin istənilən yerində toplu şəkildə görünür. Ləkələr, adətən, artır və kiçik qançırlara oxşayır. İlkin olaraq, bir və ya iki ləkə əmələ gələ bilər, lakin bir çoxu sonradan bədənin müxtəlif hissələrində meydana gəlir.

Qeyd: meningit və ya qan zəhərlənməsində hər zaman ləkələr meydana gəlmir, lakin ləkələrin əmələ gəlməsi bu xəstəliyin tam xarakterik göstəricisidir.

Meningit və ya septisemiyanın müşahidə olunduğu körpələrdə rast gəlinən əlamətlər bunlardır:

 

  • Həddən artıq ağlama – adətən, uşağın həmişəkindən fərqli olaraq, ucadan və ya inilti ilə ağlaması

  • Sürətlə və ya həmişəkindən fərqli nəfəs alma (təngnəfəslik)

  • Yeməkdən imtina, bəzən qusma

  • Süstlük və ya yuxululuq – çətin oyanır

  • Körpənin başındakı “yumşaq hissə” (əmgək) çıxıq şəklində ola bilər. Boyun əzələlərinin bərkiməsi – belə ki, boynunu önə əyə bilmir

  • Kəskinləşmə ehtimalı olan baş ağrısı

  • Əzələ və ya oynaqlarda ağrı

  • Parlaq işıq olduqda gözləri yummaq

  • Süstlük, çaşqınlıq və ya qəribə davranış

Simptomlar, adətən, çox tez, bir neçə saat ərzində istənilən şəkildə meydana gələ bilər və ya ümumiyyətlə, hansısa simptom olmaya bilər. Bəzi hallarda simptomlar çox yavaş, bir neçə gün ərzində meydana gəlir. Simptomlar ilk olaraq, qrip kimi nisbətən yüngül xəstəliyin əlaməti kimi görünə bilər, sonradan simptomlar ağırlaşdıqda, xəstəlik meningit və ya qan zəhərlənməsi ola bilər.

SON YENİLİKLƏR

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...

İnfarkt və İnsultun profilaktikası

25.07.2016
Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə pro...