Tütünçəkmənin təhlükələri


Ümumi məlumat

Tütün dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindəndir. Unutmayaq ki, insanların əksəriyyəti siqaret çəkmir. Çəkənlərin çoxu isə bu vərdişdən imtina etmək arzusundadır – onlar siqaret çəkməni əsasən öz istəyi ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış asılılıq səbəbindən edirlər. Insanın təmiz, tərkibində zəhərli maddələr olmayan hava ilə nəfəs almaq hüququ tütün çəkənlərin ictimai yerlərdə siqaret çəkmək və bununla da digər insanların sağlamlığını təhlükədə qoymaq hüququndan qat-qat üstündür.

Hesablamalara görə, tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 6 milyondan artıq insan vəfat edir. 20-ci əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoydu. İndiki tendensiyanın qalacağı halda 2030-cu ilədək ölənlərin sayının ildə 8 milyona çatması və ümumi olaraq 21-ci əsrdə tütündən 1 milyard insanın vəfat etməsi gözlənilir. Orta hesabla dünya əhalisinin 30%-i siqaret çəkəndirlər. Azərbaycanda da kişilərin təxminən yarısı siqaret çəkir. Siqaretçəkmə qadınlara nisbətən kişilər arasında daha çox yayılıb. Tədqiqatlar göstərir ki, əksər hallarda tütündən istifadə ilə bağlı sağlamlığa dəyən zərər ondan istifadə etməyə başladıqdan illər və ya onilliklər ötdükdən sonra özünü göstərir. Bu da o deməkdir ki, tütün məmulatlarının istehlakının qlobal səviyyədə geniş miqyas alması şəraitində tütün səbəbindən baş verən xəstəliklər və ölüm epidemiyası yalnız indi başlayır.

Tütünə aludəçilik

Siqaret çəkməyə aludəçilik çox vaxt yeniyetmə və gənc yaşlarında baş verir.  Yeniyetmələr  adətən özlərini böyüklərə oxşatmaq üçün əllərinə siqaret alır, sonra isə onu ata bilmir. Gənclər əsasən bekarçılıqdan, bir-birinin bəhsinə siqaret çəkməyə əl atır və getdikcə ona vərdiş edir. Əksər hallarda tütündən istifadə nəticəsində sağlamlığa dəyən zərər illər və hətta onilliklər keçdikdən sonra özünü büruzə verir. Çəkilən siqaretlər arası yaranan fasilələr zamanı orqanizmə nikotin daxil olmur. Siqaret çəkməyə ehtiyacı olmasa da, orqanizm artıq nikotinə vərdiş edib və ona tələbatı var. Nikotinə qarşı yaranmış daimi tələbat insanı əsəb gərginliyində saxlayır və bununla da stress hallarını daha da artırır. 

Tütün tüstüsünün tərkibindəki maddələr

535

Ümumiyyətlə, insanların əksəriyyəti bilir ki, siqaret çəkmək zərərlidir, lakin az adamlar bunun təhlükələri barədə tam məlumatlıdır. Yanan siqaret 4 mindən çox müxtəlif kimyəvi birləşmə, o cümlədən, 40-dan çox kanserogen (xərçəng xəstəliyi yaradan) maddə istehsal edir. Həmin maddələrə misal olaraq Karbon monoksid (avtomobildən xaric olan qazın tərkibində vardır), Kadmium (batareyaların istehsalında istifadə olunur), Vinil xlorid (boru istehsalında istifadə olunur), Polonium-210 (radioaktiv və çox zəhərlidir) və s. kimi maddələri göstərmək olar.

Tütünçəkmənin yaratdığı xəstəliklər

Siqaret - ağciyər xərçəngi başda olmaq üzrə, nəfəs yollarının xroniki xəstəlikləri, ürək-damar xəstəlikləri, düz bağırsaq, uşaqlıq, böyrək, mədəaltı vəzi, öd kisəsi, qida borusu, qırtlaq, ağız boşluğu, udlaq və mədə xərçəngi xəstəliklərinin əmələ gəlmə riskini artırır. Həmçinin kişilərdə də gücsüzlük, iflic, xora, sonsuzluq və başqa xəstəliklərə səbəb olur.

Müntəzəm şəkildə siqaret çəkən insanların təxminən 25% -i bu səbəbdən vaxtından tez həyatla vidalaşmalı olur. Əksər siqaret çəkən insanların həyatı 15-20 ilədək qısalır. Həqiqətən, siqaretçəkmə sağlamlığa hər gün zərər gətirir və hər çəkilmiş siqaret ilə sağlamlığa güclü zərbə vurulur. Bu zərər isə müxtəlif səbəblərdən nəzərimizdən qaçır. Bir tərəfdən, siqaret çəkən buna xüsusi diqqət yetirmir, digər tərəfdən isə o, siqaretçəkmənin sağlamlığa vurduğu zərərlər barədə düşünmək istəmir. Ilk dövrlərdə siqaretçəkmə sağlamlığa öz təsirini büruzə vermir, lakin illər ötdükcə bunu hiss etmək mümkün olur.

Tütünçəkmənin müxtəlif orqan və sistemlərə göstərdiyi təsirlər

Ağciyərlərə

Siqaret çəkənlərdə tez-tez təngnəfəslik yaranır, çünki onlarda ilk növbədə ağciyərlər zədələnir. Tütün çəkənlər ildən ilə özlərini halsız və daha yorğun hiss edirlər və tez-tez soyuqdəyməyə məruz qalırlar. Əksər insanlar bunu ekologiya, immunitet və digər faktorlarla əlaqələndirir, lakin əsas səbəblərdən biri siqaretçəkmədir.

Ürəyə

Siqaret çəkənin ürəyi çəkməyənlərə nisbətən daha tez zəifləyir. Eyni zamanda ürək-damar xəstəliklərinin inkişaf ehtimalı yüksəlir. Uzun illər tütün çəkmək qan damarlarında daralmalara gətirib çıxarır və bu da onların zədələnməsi ilə nəticələnir. Bu isə son nəticədə aterosklerozun əmələ gəlməsini tezləşdirir, ürəkdə infarkta, beyində isə insulta səbəb olur.

530

Cinsi orqanlara

Siqaret çəkən kişilərdə qan damarlarının daralmasına görə impotensiyanın (cinsi zəiflik) yaranması ehtimalı çəkməyənlərə nisbətən 2 dəfə çoxdur.

Həzm sisteminə

Siqaretçəkmə həzm sisteminə birbaşa təsir edir, çünki tütün tüstüsündə olan nikotin, qətran və digər zəhərli maddələr ağız suyu ilə qarışaraq mədəyə düşür. Siqaret çəkənlərin çoxu qastrit və ya mədə xorasından əziyyət çəkir. Aktiv siqaret çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın xərçənginin və xroniki xəstəliklərin yaranma ehtimalı yüksəkdir. 

Tütün tüstüsü və hamiləlik

531

Hamiləlik zamanı qadının orqanizminə daxil olan yanan siqaretin zərərli maddələri dərhal bətnindəki uşağa keçir. Nikotinin təsirindən döldə oksigen çatışmazlığı yaranır. Zərərli maddələr uşağın bütün orqanlarına təsir edərək onun normal inkişafına mane olur. Siqaret çəkən qadınların uşaqları az çəki ilə dünyaya gəlir, uşaqlarda əqli çatışmazlıq qeydə alınır, onlar tez-tez xəstələnir və çox vaxt uşaqlıq dövründə ölürlər.

Vərəmlə tütünçəkmə arasında güclü əlaqə mövcuddur!

Vərəmin inkişafı üçün şərait yaradan vacib amillərdən biri tütünçəkmədir. Həm aktiv, həm də passiv tütünçəkmə nəinki vərəmin inkişafına şərait yaradır, o həm də vərəmli xəstələrin müalicəsini çətinləşdirir, vərəmin təkrar əmələ gəlməsi riskini artırır, eləcə də vərəm xəstəliyinin gedişatını ağırlaşdırır.

Tütün tüstüsünün uşaqlara təsiri

533

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə dünyada uşaqların demək olar ki, yarısı tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alırlar. Bu onların hələ tam formalaşmayan orqanizminə dəhşətli dərəcədə mənfi təsir göstərir. Tütün tüstüsü ilə nəfəs alan  uşaqlarda bir çox ciddi xəstəliklərin yaranmasına və artıq mövcud olan xəstəliklərin (məsələn, astmanın) ağırlaşmasına gətirib çıxarır. Belə ki, ətrafa yayılan tütün tüstüsünün təsirinin təhlükəsiz səviyyəsi mövcud deyil, çünki qapalı şəraitdə tüstünün təsirini təhlükəsiz səviyyəyə endirmək qeyri-mümkündür. Yalnız tütünçəkmədən tam azad olan ərazilər effektli təhlükəsizliyi təmin edə bilər.

Uşaqları qoruyun, tütün tüstüsü ilə nəfəs almağa şərait yaratmayın! Onların təmiz hava ilə nəfəs almaq hüququ var!

Tütün çəkənin xarici görünüşü

534

Tütün çəkənin xarici görünüşü dəyişilir. Siqaretçəkmə dişlərin və dırnaqların saralması, saçların tökülməsi, eləcə də qırışların əmələ gəlməsi ilə nəticələnir. Bəzən insanlar səhvən düşünürlər ki, siqaret çəkməklə bədən çəkisinə nəzarət etmək olar. Əslində isə düzgün pəhriz və fiziki məşqlər siqaretdən imtina etdikdə bədən çəkisinə nəzarət etməyə imkan verir.

Passiv siqaret çəkmə

532

Tütün məhsullarının yanması nəticəsində yaranan tüstü ikincili tütün tüstüsü və ya ətraf mühitdə tütün tüstüsü kimi tanınır. Qapalı şəraitdə tütün tüstüsü hər tərəfə yayılır və onun zərərli təsirinə həm siqaret çəkənlər, həm də çəkməyənlər məruz qalırlar. Bu adətən passiv siqaretçəkmə adlandırılır. Yandırılmış siqaret əsas tüstü axını ilə yanaşı, ətrafa təsir edən tüstü axını mənbəyidir. Bəzi maddələr yan tüstü axınında daha çox olur. Hal-hazırda sübut edilmişdir ki, passiv siqaretçəkmə ağciyər xərçənginin əmələ gəlməsinin əsas risk amillərindəndir və ürək-damar xəstəliklərin inkişafına səbəb ola bilər. Passiv siqaretçəkmə xüsusilə də uşaqların həyat və sağlamlığı üçün təhlükədir.

İkincili tütün tüstüsünün təsirinin təhlükəsiz səviyyəsi mövcud deyil. Heç bir ventilyasiya, heç bir filtr, hətta birlikdə istifadə olunduqda belə qapalı şəraitdə tüstünün təsirini təhlükəsiz səviyyəyə endirə bilməz. İkincili tütün tüstüsünün təsiri, eləcə də səhiyyənin birbaşa  və dolayı xərcləri şəklində ayrı-ayrı insanların, müəssisələrin və ümumilikdə cəmiyyətin iqtisadi xərcləri və məhsuldarlıq itkiləri ilə nəticələnir. İkincili tütün tüstüsü ilə nəfəs almaq sağlamlıq üçün TƏHLÜKƏLİDİR!

Siqaret çəkənlər tüstü vasitəsilə atmosferə küllü miqdarda zəhərli maddələr “püskürür” və bununla da ətraf mühitə və insanlara zərər vurur.

Digər tütünçəkmə üsulları

Az siqaret çəkmək o demək deyil ki, sizin sağlamlığınıza zərər dəymir. Bəzən insanlar tütünü başqa üsullarla çəkirlər, məsələn qəlyan çəkməyə üstünlük verirlər. Geniş yayılmış və yalnış düşüncədir ki, qəlyan ən təhlükəsiz tütünçəkmə üsuludur. Adi siqaretə nisbətən qəlyan çəkdikdə insan orqanizmi daha çox kanserogen maddə qəbul edir və onun qanında dəm qazı daha çox olur. Qəlyan tüstüsündə zərərli, o cümlədən kanserogen maddələrin olması, adi siqaret çəkən insanlardakı xəstəliklərin yaranmasına səbəb olur. 

“Yüngül” adlandırılan siqaretlərin zərərləri

Bəzi adamlar mentollu, nanəli və digər yanlış olaraq ”yüngül” adlandırılan siqaret çəkirlər. “Yüngül” adlanan siqaretlər “adi” siqaretlər kimi zərərlidir. Əfsuslar olsun ki, tütün istifadəçilərinin əksəriyyəti bu haqda məlumatlı deyillər. Tütün çəkənlərin əksəriyyəti düşünürki yüngül və ultra-yüngül siqaretlərin tərkibində nikotin və qatranın miqdarı azdır. Lakin bundan fərqli olaraq “Yüngül” siqaretlərdən istifadə zamanı adi siqaretlərdəki qədər qatran, nikotin və karbon-monoksid əmələ gəlir.

Ekspertlər hesab edirlər ki, belə siqaretin zərəri adi siqaretdən çoxdur. Məsələn, sərinləşdirici təsirə malik olduğu üçün insanlar tüstünü ağciyərlərə daha çox saxlayırlar. Bu isə adi siqaretdən də təhlükəlidir. Əksər tütünçəkənlər qeyd ediblər ki, bu faktı bilsəydilər siqareti tərgitməyə daha çox səy göstərərdilər.

Tütünçəkmə nəticəsində:

      ●   Ağ ciyər və digər orqanların xərçəngi inkişaf edir

      ●   Ürək-damar xəstəlikləri yaranır

      ●   Nəfəs yollarının xəstəlikləri artır

      ●   İnsanın üzərindən xoşagəlməz qoxu gəlir

      ●   Dişlər və dırnaqlar saralır

      ●   Saç tökülür

      ●   Yaddaş zəifləyir

      ●   Fiziki hərəkət zamanı tez-tez yorulma halları baş verir

      ●   Əhval-ruhiyyə pozulur

      ●   Cinsi fəaliyyət zəifləyir

      ●   Boy artımı ləngiyir 

Siqaret çəkməkdən imtina etmək müəyyən prosesdir və insanın siqaret çəkməyə qarşı münasibətinin dəyişməsindən başlayır.

Siqareti tərgitmək üçün iradəli olun, onun zərərlərini və sizə heç bir faydası olmadığını düşünün. Bunu dərk etdikdə onu atmaq daha asan olacaq. Ancaq bu asılılıqdan xilas olmaq üçün uzun müddət kömək almaq lazım ola bilər.

Özünüz seçdiyiniz gün və saatda siqaret çəkməkdən imtina edin. Unutmayın ki, sizin seçiminiz var. Lakin hər dəfə siqaret çəkmək istədikdə düzgün qərar verin.

Siqaret çəkənlərin əksəriyyəti dəfələrlə səy göstərdikdən sonra bu təhlükəli vərdişdən imtina edə bilir. Siqaret çəkməkdən imtina etmək çətin olsa da, Siz bunu bacararsınız!

Siqaretçəkmənin güclü vərdiş və hətta asılılığın bir forması olduğuna baxmayaraq milyonlarla insan bu təhlükədən qurtula bilir.

Düşünün:

Hər bir insanın təmiz, tərkibində zərərli maddələr olmayan hava ilə nəfəs almaq hüququ vardır. Tütünçəkmə insanın sağlamlığına təhlükə yaratmaqla yanaşı, ona ciddi maddi zərər vurur. Tütündən asılılıq xroniki xəstəlikdir, ondan imtina etmək üçün təkrar cəhdlər göstərilməlidir. Güclü vərdiş və hətta asılılığın növü olan tütünçəkmədən milyonlarla insan imtina edə bilir. Tütünçəkmə nəticəsində əmələ gələn bir çox xəstəliklərin yaranma riski tütünçəkmədən imtina etdikdən sonra azalır. 

Artıq sənin də tütünlə bağlı təhlükələr barədə məlumatın var!

Tütün çəkməyə başlama! Çəkirsənsə, imtina et! 

SON YENİLİKLƏR

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...

İnfarkt və İnsultun profilaktikası

25.07.2016
Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə pro...