Sonsuzluq nədir?


Bir il ərzində müntəzəm olaraq qorunmamış cinsi əlaqələr hamiləliklə nəticələnməyibsə, bu sonsuzluq kimi qiymətləndirilir. Müntəzəm aybaşısı olmayan və yaşı 35-dən çox olan qadınlar artıq 6 aydan sonra sonsuzluqla bağlı  problemlə mütəxəssisə müraciət etməlidirlər. Həmin mütəxəssis həyatında 2 və daha artıq düşükləri olan qadınlara da kömək edə bilər.

Hamiləlik bir sıra şərtləri olan prosesin nəticəsidir. Hamiləlik üçün aşağıda göstərilənlər baş verməlidir:

  • Qadının yumurtalığında yumurta hüceyrəsi yetişib hasil olmalıdır
  • Həmin hüceyrə spermatozoid tərəfindən mayalanmalıdır
  • Mayalanmış hüceyrə Fallop borusundan uşaqlıq boşluğuna hərəkət etməlidir
  • Mayalanmış hüceyrə uşaqlığın divarına yapışmalıdır

 

Sadalananlardan  biri və ya bir neçəsi baş vermədiyi halda sonsuzluq meydana çıxır. Hamiləliyin başa çatdırılmasının mümkün olmaması da nəsilartırma qabiliyyətinin pozulması kimi dəyərləndirilir.

Sonsuzluq nə dərəcədə yayılmış problemdir?

"Bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da qadınlar arasında sonsuzluq hallarının artması müşahidə edilir. Belə ki, əgər 2000-ci ildə cəmi 726 sonsuzluq halı qeydə alınmışdırsa, 2013-cü ildə artıq 2289 qadına sonsuzluq diaqnozu qoyulmuşdur." 

Sonsuzluq ancaq qadın problemidir?

Xeyr. Problem həm qadın, həm də kişi ilə bağlı ola bilər.

Kişilərdə hansı hallar sonsuzluğa səbəb olur?

Hallar müxtəlif ola bilər. Səbəbi öyrənmək üçün  ilk növbədə spermanı müayinə edirlər. Spermada spermatozoidlərin sıxlığını, hərəkətini və formasını öyrənirlər. Bəzi infeksion və qeyri-infeksion xəstəliklər kişilərdə sonsuzluğa səbəb olur.

Spermaya təsir edən hallara aiddir

• Varikosele və ya xaya venalarının genişlənməsi. Bu, xayalarda hərarətin artması və spermatozoidlərin sayının azalması və formasının pozulmasına səbəb ola bilər.

• Bir sıra xəstəlik və hallar. Məsələn, diabet, travma, infeksiya, onkoloji xəstəliklərin müalicəsi zamanı istifadə edilən kimyəvi terapiya və şüa terapiyası

• Zərərli vərdişlər. Məsələn, həddindən çox spirtli içkilərin qəbulu, tütünçəkmə, anabolik hormonların istifadəsi (adətən idmançılar və ya atletlər tərəfindən), narkotik maddələrin istifadəsi

• Ətraf mühitdə olan toksinlərin təsiri. Məsələn, kənd təsərrüfatında istifadə edilən pestisidlər, qurğuşun və s.

Spermaya təsir edən hallara aiddir

• Varikosele və ya xaya venalarının genişlənməsi. Bu, xayalarda hərarətin artması və spermatozoidlərin sayının azalması və formasının pozulmasına səbəb ola bilər.

• Bir sıra xəstəlik və hallar. Məsələn, diabet, travma, infeksiya, onkoloji xəstəliklərin müalicəsi zamanı istifadə edilən kimyəvi terapiya və şüa terapiyası

• Zərərli vərdişlər. Məsələn, həddindən çox spirtli içkilərin qəbulu, tütünçəkmə, anabolik hormonların istifadəsi (adətən idmançılar və ya atletlər tərəfindən), narkotik maddələrin istifadəsi

• Ətraf mühitdə olan toksinlərin təsiri. Məsələn, kənd təsərrüfatında istifadə edilən pestisidlər, qurğuşun və s.

Qadın sonsuzluğunun səbəbi nə ola bilər?

Hamiləlik baş verməkdən ötrü qadında fəal olan yumurtalıqlar, fallop boruları və uşaqlıq olmalıdır. Bunların hər hansı birinin zədələnməsi və ya funksiyalarının pozulması qadında sonsuzluğun yaranmasına səbəb ola bilər. Abortlar, xüsusən təkrarlanan abortlar çanağın iltihab xəstəliyi, o cümlədən, fallop borularının və uşaqlığın zədələnməsinə gətirə bilər. Abort və çanağın iltihab xəstəliyi sonsuzluqla yanaşı hamiləliklərin düşüklə nəticələnməsinə səbəb ola bilər.

Yumurtalıqların fəaliyyəti

• Hər 24-32 gündən bir müntəzəm aybaşının olması, adətən ovulyasiyanın baş verməsindən xəbər verir. Ovulyasiya haqda qabaqcadan xəbər verən əlamətlər mövcuddur. Qadının qanında progesteronun səviyyəsini təyin etməklə  ovulyasiyanın baş verib verməməsini müəyyən etmək olar (ovulyasiya zamanı qanda progesteronun səviyyəsi artmış olur). Qadınlarda aybaşı dövrü orta hesabla 28 gün çəkir. Qanaxmanın ilk günü aybaşı dövrünün birinci günü hesab edilir.

• Qeyri-müntəzəm aybaşıları olan qadında çox güman ki, ovulyasiya baş vermir. Ovulyasiyanın olmamasına gətirən mümkün səbəblərə aşağıdakılar aid edilir:Yumurtalıqların polikistozu (YPK). YPK xəstəliyi qadın orqanizmində hormonlar arasında tarazlığın pozulması ilə müşayiət olunur və normal ovulyasiyanın baş verməsini əngəlləyir. YPK qadınlarda sonsuzluğun ən çox yayılmış səbəbidir.

• Funksional hipotalamik amenoreya (FHA). Həddindən çox fiziki və ya emosional stresə məruz qalan, o cümlədən, həddən artıq intensiv idmanla məşğul olan və ya bədən çəkisi çox aşağı olan qadınlarda FHA inkişaf edə və amenoreyaya (aybaşıların olmamasına) gətirib çıxara bilər.

• Yumurtalıqlarda ehtiyatın azalması (YEA). Yumurtalıqlarda ehtiyatın azalması adətən  anadangəlmə, tibbi, cərrahi əməliyyat səbəbindən baş verən və ya digər səbəbi aydın olmayan hallarla bağlı ola bilər. Yaşa dolduqca qadınlarda yumurtalıqların ehtiyatı təbii olaraq azalır.

• Menopauza (klimaks). Bu, yaşla bağlı yumurtalıqların fəaliyyətinin təbii azalmasıdır. Adətən, klimaks 50 yaş ərəfəsində baş verir və üzün qızdırması və qızarması, aybaşıların qeyri-müntəzəm olması ilə müşayiət edilir.

• Yumurtalıqların fəaliyyəti. Bunu yoxlamaq üçün bir sıra testlər mövcuddur.

•  Fertilliyi əvvəlcədən öyrənmək üçün testlərin heç biri tam yararlı deyil.

•  Adətən, yumurtalıqların fəaliyyətini öyrənmək üçün follikulları stimullaşdırıcı hormon (FSH), anti-müllerin hormonu, transvaginal ultrasəs müayinəsi ilə antral follikulların sayı yoxlanılır.

Boruların açıqlığı

Boruların bağlanmasına təsir edən risk faktorlarına keçmişdə baş vermiş çanaqdaxili infeksiya, o cümlədən cinsi yolla yoluxan infeksiyalar (məs., qonoreya, xlamidiya), endometrioz və  qarın boşluğunda aparılmış bəzi cərrahi əməliyyatlar aid edilir.

Boruların qiymətləndirilməsi rentgenoloji (histerosalpinqoqrafiya, xromopertubasiya) və ya laporoskopik (qarın divarının kiçik kəsiyindən  laparoskopu yeridib boruların vəziyyətini qiymətləndirmək) üsul ilə aparıla bilər.

Uşaqlığın forması

Qadında mövcud olan simptomlardan asılı olaraq fibroid və ya digər normadan kənar anatomik xüsusiyyətlər transvaginal ultrasəs müayinəsi yolu ilə təyin edilir. Lazım olduqda sonohistoqram və ya histeroskopiyadan istifadə edilir.

Qadında sonsuzluq riskini artıran amillər hansılardır?

Qadının nəsilartırma qabiliyyətini endirən amillər:

Yaşı 35-dən çox olan qadınların təxminən üçdə birində fertillik problemləri qeyd olunur. Yaşa dolduqca qadının hamilə qalmaq ehtimalının azalması ilə yanaşı baş verən hamiləliyin düşüklə nəticələnməsi və uşağın anadangəlmə qüsurla doğulması ehtimalı da artır.

Yaşa dolduqca qadının hamilə olmaq ehtimalının azalması səbəbləri:

  • Onun yumurtalıqlarında yumurta hüceyrələrini yetişdirib hasil etmə qabiliyyəti azalır
  • Yumurtalıqlarda yumurta hüceyrələrinin sayı azalır
  • Yumurta hüceyrələri əvvəlki kimi sağlam deyildir
  • Fertilliyə mənfi təsir göstərən sağlamlıq problemlərinin ehtimalı artır
  • Hamiləliyin düşüklə nəticələnməsi ehtimalı artır
  • Tütünçəkmə
  • Spirtli içkilərin qəbulu
  • Bədən çəkisinin həddindən çox artması və ya azalması
  • Amenorreyaya (aybaşıların kəsilməsinə) gətirən hədsiz fiziki və ya emosional stress

Hamilə olmaq arzusunda olan qadının həkimə müraciəti

Yaşı 35-dən az olan qadın heç olmasa bir il ərzində hamilə olmağa cəhd etməlidir. Yaşı 35-dən çox olan qadınlara isə yarım il ərzində uğursuz cəhdlərdən sonra həkimə müraciət etmək məsləhət görülür. 30 yaşından sonra qadının nəsilartırma qabiliyyəti ildən ilə sürətlə azalır.

Bəzi sağlamlıq problemləri sonsuzluq ehtimalını artırır və qadın bunları həkimlə müzakirə etməlidir:

  • Qeyri-müntəzəm aybaşılar
  • Həddindən artıq ağrılı aybaşılar
  • Endometrioz
  • Çanaq orqanlarının iltihab xəstəlikləri
  • Əvvəlki hamiləliklər zamanı birdən çox düşüyün və ya spontan abortun baş verməsi

 

Qadının bunları hətta hamilə qalmağa cəhd etməzdən əvvəldə həkimlə müzakirə etməsi məsləhət görülür. Həkim fertillik haqqında olan sualları cavablandırıb sağlam uşaq sahibi olmaq üçün lazımi məsləhətlər verə bilər.

Qadının və onun partnyorunun fertillik problemlərinin olmasını həkim necə araşdırır?

Həkim həm qadın, həm də kişinin  tibbi və cinsiyyət tarixçəsini öyrənir. Adətən, ilkin müayinə zamanı spermanın analizi, Fallop borularının mənfəzinin açıq olması qiymətləndirilir və yumurtalıqların ehtiyatı öyrənilir.

Sonsuzluğun öhdəsindən gəlmək üçün həkimlər nə edir?

Sonsuzluğa səbəb olan faktorları, sonsuzluğun müddətini, qadının yaşını, mayalanma üçün cütlüyün üstün tutduğu metodu və hər bir metodun effektivliyini, risklərini və faydasını qiymətləndirdikdən sonra həkim müəyyən metodu məsləhət görə bilər. Sonsuzluğun müalicəsində dərman, cərrahi müdaxilə, uşaqlıqdaxili inseminasiya (mayalandırma) və ya effektiv olan müxtəlif köməkçi texnologiyalar istifadə oluna bilər.

SON YENİLİKLƏR

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...

İnfarkt və İnsultun profilaktikası

25.07.2016
Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə pro...