Doğuşdan sonra güclü qanaxma (Zahılıq dövrünün qanaxmaları)


Doğuşdan sonra qanlı ifrazatın olması normal haldır.Qanaxma əsasən uşaqlığın cift ayrılan sahəsində olur, həmçinin hər hansı cərrahi kəsikdən və cırılmış toxumalarda da ola bilər. 
Qanlı ifrazat, adətən, doğuşdan dərhal sonra çox miqdarda olur, tədricən yaxın bir neçə saat ərzində azalır və növbəti bir neçə gün ərzində qanaxmanın azalması davam edir.Bir neçə həftə müddətində qanın rəngi təmiz qırmızıdan  qəhvəyiyə qədər dəyişir. Belə qanlı ifrazat loxiya adlanır və qanaxma doğuşdan sonra 6 həftəyə qədər dayanmalıdır. Bəzən qanlı ifrazat normadan daha çox olur. Bu "doğuşdan sonrakı qanaxma" (DSQ) adlanır və doğuşun təcili yardım tələb edən fəsadıdır. 

Doğuşdan sonrakı qanaxma

DSQ - uşaq doğulduqdan sonra 500 ml və daha çox qan itkisidir;

Qanaxma doğuşdan sonra ilk 24 saat ərzində  baş verdikdə erkən DSQ ,

doğuşdan sonra 24 saatdan 6 həftəyə qədər baş verdikdə isə gecikmiş DSQ hesab edilir.

Gecikmiş doğuşdan sonrakı qanaxmalar daha təhlükəlidir, çünki həmin dövrdə qadın artıq evdə olur və həkimin bir başa nəzarətindən kənarda olur. Evdə baş verən qanaxmalar çox vaxt qadın tərəfindən düzgün qiymətləndirilməyə  və ya qanaxmanın ağırlığı səhvən yüngül hesab edilə bilər. Bu isə qadının həyatına təhlükə yarada və hətta onun ölümünə səbəb ola bilər.

DSQ-nın qadının orqanizminə təsiri

Əgər çox qan itirilibsə, bu, qadının normal doğuşdan sonra keçirdiyi yorğunluq hissini daha da ağırlaşdıra/dərinləşdirə bilər.

Güclü qanaxma baş verdikdə, çox  vacibdir ki, o, tez dayandırılsın/müalicə aparılsın. Çox qan itirildikdə insanda başgicəllənmə, huşun pozulması, zəiflik və ya ürək bulanması müşahidə edilə bilər.

Güclü qanaxma həyat üçün təhlükəli ola bilər. Əgər güclü qanaxma xəstəxanadan kənarda (evdə) baş veribsə,  təcili tibbi yardımın çağrılması və ya qadının təcili olaraq xəstəxanaya çatdırılması tələb olunur.

DSQ-nin səbəbləri

  • Ən çox rast gəlinən səbəb doğuşdan sonra uşaqlıq əzələlərinin yaxşı yığılmamasıdır
  • Uşaqlığın və ya doğuş yollarının yumşaq toxumalarının cırılması/zədələnməsi
  • Ciftin və dölyanı qişaların qalıqlarının uşaqlıqda ləngiməsi
  • Qanın laxtalanma sisteminin pozuntularının mövcudluğu

DSQ-nin risk faktorları

Qadında doğuşdan sonra qanaxma riskinin olub-olmaması hamiləlik zamanı qadın məsləhətxanasında qiymətləndirilməlidir. Qanaxma riski yüksək olduqda qadın doğuş üçün daha yüksək səviyyəli doğuşayardım müəssisəsinə göndərilməlidir.

Doğuşdan əvvəlki risk faktorlarına aşağıdakılar aiddir:

  • Əvvəlki doğuşda ciftin uşaqlıqda ləngiməsi və ya DSQ
  • Doğuşdan əvvəl qadında anemiya (qan azlığı) olması
  • Piylənmə (bədən kütləsi indeksi>35 kq/kv. )
  • Çoxdöllü hamiləlik
  • Doğuşların sayının 4 və daha çox olması
  • Cift gəlişi
  • Qadının yaşının 35-dən çox olması

 

 Doğuş zamanı risk faktorları:

  • Doğuşun induksiyası (doğuş fəaliyyəti öz-özünə başlanmadığı halda onun süni olaraq yaradılması)
  • Doğuş müddətinin uzanması (12 saatdan çox)
  • Sürətli doğuş
  • Qeysəriyyə kəsiyi və ya  təbii doğuş zamanı  mamalıq əməliyyatları

 

 Əvvəlcədən mövcud olan laxtalanma pozuntuları ilə bağlı risk faktorları:

  • Hemofiliya “A” (qanda faktor VIII çatışmazlığı)
  • Hemofiliya “B” (qanda faktor IX çatışmazlığı)
  • Von Villebrand xəstəliyi və s.

 

QEYD: sadalanan riskləri olan qadınların əksəriyyətində doğuşdan sonra qanaxma müşahidə olunmur. Lakin riski nəzərə alıb qadın doğuş üçün daha yüksək səviyyəli tibb müəssisəsinə göndərilməlidir.

DSQ-nin profilaktikası

● Qadında anemiya və ya onun riski olduqda, o, həkimin təyinatı ilə hamiləlik zamanı dəmir tərkibli preparatlar qəbul etməlidir. Belə halda DSQ və bu səbəbdən qan köçürülməsinə ehtiyac halları da azala bilər.
●Doğuşdan dərhal sonra qadına oksitosin preparatının yeridilməsi uşaqlığın yığılmasını stimullaşdıraraq ciftin xaric olmasına və bununla qanaxmanın  qarşısının alınmasına kömək edir.    

DSQ-nin müalicəsi

Qanaxma baş verdikdə həkim tərəfindən dərhal qiymətləndirilmə aparılır və müalicəyə başlanılır. Müalicəyə daxildir:

● Uşaqlığın daxili masajı
● Venadaxili (v/d)  mayelərin damcı yolu ilə köçürülməsi
● Oksitosinin təkrar yeridilməsi (qanaxmanı azaldır)
● Sidik kisəsinin kateterizasiyası
● Cift tam olmadıqda, qalıqlar narkoz altında əllə xaric olunur
● Uşaqlıq yığıldıqdan sonra  qanaxma davam edirsə, yumşaq toxumalar müayinə olunur, travma/cırıq aşkar edildikdə  toxumaların tamlığı bərpa olunur
● Orqanizmin həyati vacib funksiyalarına mütəmadi nəzarət
● Körpənin əmizdirilməsi də qadında qanaxmanın azalmasına kömək edir.

Əgər çox ağır qan itkisi olarsa, qanköçürmə zəruri ola bilər və bəzi hallarda cərrahi müdaxilə tələb oluna bilər. 

Gecikmiş DSQ

Gecikmiş DSQ artıq evdə baş verir və həkim müayinəsi tələb edir. Adətən səbəbi uşaqlığın/yumşaq doğuş yollarının infeksiyası və ya ciftin kiçik hissələrinin uşaqlıqda qalmasıdır.

Əlamətləri: çox miqdarda qanlı və ya pis qoxulu loxiyanın ifrazı.

Müalicə: qanazlığının qarşısını almaqla yanaşı səbəbindən asılı olaraq antibiotiklərlə müalicə və ya  ciftin qalıqlarının uşaqlıqdan xaric edilməsi.

Antibiotiklərlə müalicə müddətində qadın körpəsini əmizdirə bilər.

Əksər hallarda ağır qanaxmaların qarşısını olduqca sadə tədbirlərlə almaq olar.

SON YENİLİKLƏR

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...

İnfarkt və İnsultun profilaktikası

25.07.2016
Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə pro...