Kəskin pankreatit (Mədəaltı vəzin kəskin iltihabı)


Mədəaltı vəz nədir?

Mədəaltı vəz qarın boşluğunun yuxarı hissəsində mədənin və bağırsaqların arxasında yerləşir. O, tərkibi enzimdən ibarət olan və qidanın həzmində iştirak edən şirə ifraz edir. Enzim pankreas hüceyrələrində əmələ gəlir və kiçik axacaqlardan keçir. Bu axacaqlar əsas pankreas axacağını əmələ gətirmək üçün ağac budaqlarına bənzər formada birləşirlər. Bunlar əmələ gəlmiş enzimi onikibarmaq bağırsağa (bağırsağın mədədən sonrakı hissəsi) ötürür. Pankreasda enzim qeyri-fəal formada olur (əks halda onlar pankreası həzm edə bilər). Onlar qidanın həzmində iştirak etmək üçün 12-barmaq bağırsaqda fəallaşırlar. Pankreas boyu səpələnmiş xüsusi hüceyrələr var ki, bunlar ”Langerhans adacıqları” adlanırlar. Bu hüceyrələr insulin və qlukaqon hormonlarını hazırlayırlar. Bu hormonlar qandakı şəkərin miqdarını tənzimləmək üçün birbaşa qana ifraz olunurlar. Öd axacaqları ödü qaraciyər və öd kisəsindən gətirir. Onlar 12-barmaq bağırsağa açılmamışdan öncə pankreas axacağına birləşir. Öd də 12-barmaq bağırsağa keçir və həzm prosesində iştirak edir.

Pankreatit nədir?

Pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Bunun iki növü var:

●  Kəskin pankreatit – bu zaman iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.
●  Xroniki pankreatit – bu zaman iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur.

    10 haldan 8-ində səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.

● Öd daşları – insanların çoxunda daş öd kisəsində əmələ gəlir və adətən heç bir zərər vermir. Hətta bəzən daş öd axarlarına keçib, heç bir problemsiz 12-barmaq bağırsağa düşə bilər. Lakin bəzi insanlarda daş öd yollarına və ya öd axarının pankreas axarına açıldığı yerə sancılır. Bu da pankreas axacağındakı enzimlərə təsir edir (və ya onu tamamilə tutur) və pankreatitin əmələ gəlməsinə səbəb olur. 
● Spirtli içki –  əslində alkoqolun iltihabı prosesin əmələ gəlməsinə təsiri hələ tam aydınlaşdırılmayıb. Simptomlar adətən çoxlu spirtli içki qəbulundan 6-12 saat sonra başlayır.Bəzi insanlarda pankreatit hətta çox az içməyin nəticəsində də əmələ gələ bilər.
● Digər səbəblər: virus infeksiyası (parotit), bəzi dərmanların əlavə effektləri, pankreasda olan yaralanmalar və cərrahi əməliyyatlar, parazit infeksiyası, qanda yağın və kalsiumun miqdarının artması, pankreasın qeyri-normal strukturu.
● Naməlum – 10 haldan 1-ində pankreatiti törədən səbəb məlum olmur. Bu halların çoxunda səbəb balaca öd daşları və ya “qatı öd daşı” ola bilər ki, bu da müayinə və baxış zamanı aşkar olunmur.

Kəskin pankreatit zamanı nə baş verir?

Pankreasda hazırlanan həzm enzimləri fəallaşır və pankreası həzm etməyə başlayır. Bunlar adətən 12-barmaq bağırsağa çatdıqdan sonra aktivləşir. Bu zaman silsilə kimyəvi reaksiyalar baş verir ki, bunun da nəticəsində iltihabi proses inkişaf edir. Bu ardıcıllığın belə nəticəni necə verdiyi hələ tam aydınlaşmayıb.

Bir çox hallarda (təqribən 5 hadisənin 4-ündə) iltihabi proses mülayim keçir və bir həftə ərzində davam edir. Bir neçə gün simptomlar pis ola bilər, lakin sonra azalmağa başlayır və pankreas tamamilə sağalmağa başlayır. Bəzi hallarda (təqribən 5 hadisənin 1-ində) iltihab sürətlə şiddətlənir. Pankreasın bir hissəsi və ətraf toxumalar ölə bilər (nekroz). Pankreasın enzimləri və digər kimyəvi məmulatları birbaşa qana tökülüb orqanizmdəki digər orqanların iltihabına və zədələnməsinə səbəb ola bilər. Bu şokla, tənəffüs çatışmazlığı, böyrək çatışmazlığı və digər ağırlaşmalarla nəticələnə bilər.

Kəskin pankreatitin simptomları nədir?

●  Qarında ağrılar – qabırğaaltı nahiyədə lokalizasiya olur və adətən əsas simptomdur. Çox sürətlə əmələ gəlir (təqribən bir saat). Ağrı şiddətlənə bilər və arxa nahiyəyə doğru yayılır.
●  Qusma, qızdırma və ümumi narahatlıq hallarına da rast gəlinir.
●  Əgər pankreatit şiddətlənsə və digər orqanlar da prosesə cəlb olunsa, bu zaman başqa simptomlar da meydana çıxa bilər. 

Pankreatit şübhəsi varsa, nə baş verir?

Əgər həkim kəskin pankreatitdən şübhələnirsə, bu zaman pasiyent xəstəxanaya yerləşdirilməlidir. Qarın ağrısı və qusma simptomu olan digər xəstəliklərlə diferensiasiya etmək və xəstəliyə dəqiq diaqnoz qoymaq üçün müxtəlif müayinələr aparılmalıdır. Müayinələrdən biri qanda amilaza və lipazanın (pankreasın əmələ gətirdiyi enzim) miqdarının yoxlanmasıdır. Bu üsulun 100% etibarlı olmamasına baxmayaraq, qanda amilaza və ya lipazanın miqdarının çox olması pankreatitin simptomlarının əmələ gəlməsinə səbəb ola bilər. Əgər əsas səbəb kimi öd daşlarına şübhə varsa, bu zaman ultrasəs müayinəsi də effektiv ola bilər. Qapalı müayinələr, əsasən baş vermiş ağırlaşmaları və digər orqanlara olan təsiri öyrənmək üçündür. Əgər simptomlar 2 gün və daha çox davam edirsə, bu zaman pankreatitin şiddətlənməsini aşkar etmək üçün digər müayinələri aparmaq lazımdır.

Kəskin pankreatitin müalicəsi nədən ibarətdir?

•  Adətən ağrını aradan götürmək üçün ağrıkəsicilər inyeksiya olunur.

•  Daha yaxşı olar ki, mədə və bağırsaqlar boş saxlansın. Beləliklə qida və maye qəbulu dayandırılmalıdır. Mədə möhtəviyyatını xaric etmək üçün zond burundan da salına bilər (nazoqastral zond). Qusmanın qarşısını almaq da bura aiddir.                                  

•  Simptomlar sönənə qədər venadaxili infuziya, yəni xüsusi məhlulların yeridilməsi aparılır.

•  İltihabı aradan qaldırmaq üçün heç bir müalicə yoxdur. Bir çox hallarda pankreatit simptomları bir neçə günə sönür. Çox az hallarda ağırlaşmalar inkişaf edə bilər və vəziyyət ciddiləşə bilər. Sonra tətbiq oluna biləcək müalicələrə aşağıdakılar aiddir.                   

•  Əgər səbəb öd daşıdırsa, pankreatit tutması sağaldıqdan sonra onu aradan götürmək lazımdır.                                                                                                   

•  Əgər pankreas və ətraf toxuma infeksiyaya yoluxubsa, antibiotiklərdən istifadə olunur.                

•  Bəzən infeksiyalaşmış və ya zədələnmiş toxumaları aradan götürmək üçün cərrahi üsuldan istifadə olunur.

Kəskin pankreatitin proqnozu necədir?

Əgər heç bir ağırlaşma olmursa, kəskin pankreatit xoş gedişə malikdir (təqribən 5 haldan 4-də). Belə halda proqnoz çox yaxşıdır və adətən tam sağalma ilə nəticələnir. Ciddi keçən kəskin pankreatit (təqribən 5 halın 1-də) zamanı bir və ya bir neçə ağırlaşma qeyd oluna bilər. İntensiv müalicə aparılmasına baxmayaraq, ciddi keçən kəskin pankreatit xəstələrin dörddə birinin ölümü ilə nəticələnir. Bu yenidən baş verə bilərmi?

Bu yenidən baş verə bilərmi?

Kəskin pankreatit zamanı sonralar tutma baş verməyə bilər. Lakin əgər pankreatit hər hansı səbəbdən meydana çıxırsa, bu zaman həmin səbəb aradan götürülənə qədər tutmalar ola bilər. Aşağıdakılardan biri, səbəbdən asılı olaraq xəstəliyin qayıtmasının qarşısını ala bilər.

•  Əgər səbəb öd daşıdırsa, öd kisəsinin çıxarılması məsləhət görülür. Bu növbəti daşların əmələ gəlməsinin qarşını alır.

•  Spirtli içki ilə əlaqəli:

Tutma baş verən vaxtdan sonra spirtli içki qəbulu bir neçə ay dayandırılmalıdır.

Əgər səbəb spirtli içkidirsə, onun qəbulunun tamamilə dayandırılması məsləhət görülür

•  Bəzən pankreatit alkoqol asılılığının ilk əlaməti kimi özünü büruzə verir. Əgər əsas səbəb alkoqol asılılığıdırsa, bu yöndə kömək, məsləhət və müalicə aparılmalıdır.

•  Qanda yağların miqdarının çox olması da bəzən əsas səbəb olur. Bu da müalicə olunmalıdır.

•  Dərmanların səbəb olduğu pankreatitə az hallarda rast gəlinir. Dərmanların dəyişdirilməsi də bəzən tutmaların qarşısını ala bilər.

SON YENİLİKLƏR

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...

İnfarkt və İnsultun profilaktikası

25.07.2016
Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə pro...