ÜST insan üçün ən təhlükəli bakteriyaların siyahısını açıqlayıb

Son yeniliklər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə olaraq antibiotiklərə qarşı davamlı inkişafı ilə bağlı xüsusi təhlükə kəsb edən 12 növ bakteriyanın siyahısını açıqlayıb.

Bu barədə ÜST nümayəndəsi Kristian Lindmeyer məlumat verib.

"Siyahı yeni antibiotiklərin hazırlanması üzrə tədbirlərin təcililiyi baxımından üç kateqoriyaya bölünüb. Törədici mikroblara kritik, yüksək və orta təhlükə dərəcəsi verilib. Bu təsnifat alimlərə yeni preparatların yaradılması sahəsində tədqiqatların aparılması zamanı prioriteti müəyyən etmək imkanı verəcək", - deyə o bildirib.

Kristian Lindmeyerin sözlərinə görə, ekspertlər qramneqativ adlanan bakteriyaları xüsusi təhlükəli hesab ediblər.

"Onlar genetik materialın digər mikroorqanizmlərə ötürülməsi imkanına malikdirlər. Bu, antibiotiklərə qarşı davamlı xəstəlik törədicilərinin sayının sürətlə artmasına səbəb ola bilər", - deyə o əlavə edib.