Azərbaycanda yoluxucu xəstəliklərin profilaktikası sahəsində əhəmiyyətli işlər görülür

Son yeniliklər

Azərbaycan Respublikasında yoluxucu xəstəliklərlə mübarizə işi dövlətinsosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2016-20120-ci illər üçün qəbul olunmuş “2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” körpə və uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılmasına yönəlmiş vacib proqramdır.

Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı çərçivəsində respublikanın poliomielitdən azad statusunun saxlanılması, qızılca və məxmərək xəstəliklərinin eliminasiyası, anadangəlmə məxmərək sindromunun profilaktikası kimi bir sıra kompleks tədbirlər həyata keçirilir, eləcə də, planlı şəkildə vaksinlərlə idarə olunan digər yoluxucu xəstəliklərə qarşı immunoprofilaktika və nəzarət tədbirləri davam etdirilir.

Son illər yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan genişmiqyaslı və səmərəli tədbirlər nəticəsində ölkəmizdə dayanıqlı epidemioloji sabitlik təmin edilmişdir.

2016-ci il ərzində respublika üzrə uşaqların profilaktik peyvəndlərlə əhatə səviyyəsi qənaətbəxş olmuşdur. Belə ki, yenidoğulmuşların vərəm əleyhinə BCG peyvəndi ilə əhatə olunması 97,8%, HepB peyvəndi ilə 98,0%, poliomielit əleyhinə (OPV0) 97,8%, 1 yaşa qədər uşaqlar arasında göyöskürək, difteriya, tetanus, b tipli hemofil infeksiya və hepatit B əleyhinə pentavaksinlə (GDTHibHepB3) 95,6%, poliomielit əleyhinə (OPV3) peyvəndi ilə 97,6%, pnevmokok əleyhinə peyvəndlə 96,5%, qızılca-parotit-məxmərək əleyhinə peyvəndlə 97,9% təşkil etmişdir.

Ölkə üzrə peyvənd planının yüksək səviyyədə yerinə yetirilməsi və Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərin profilaktikası sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində nəzərəçarpacaq nailiyyətlər əldə edilmişdir. Belə ki, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində aparılmış səmərəli profilaktik və əksepidemik tədbirlərin həyata keçirilməsi, ələlxüsus, profilaktik peyvənd işlərinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi nəticəsində idarəolunan xəstəliklərdən 1995-cı ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2013-cü ildən qızılca, 2014-cü ildən göyöskürək, 2016-cı ildən epidemik parotit xəstəlikləri qeydə alınmamış; tetanus, xəstəliyi isə tək-tək hallarda qeydə alınmışdır. Hepatit B əleyhinə 2001-ci ildən tətbiq edilən profilaktik peyvənd nəticəsində uşaqlar arasında son illərdə bu xəstəliyin dinamik azalması müşahidə olunur.

Təqdirəlayiq haldır ki, ÜST tərəfinfən Azərbaycanda qızılca və məxmərək xəstəliklərinə qarşı aparılan tədbirlər yüksək qiymətləndirilmiş və qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa regional komissiyasının 26-29 oktyabr 2015-ci il tarixli iclasında Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin eliminasiyası Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu tərəfindən təsdiqlənərək xüsusi sertifikatlar təqdim olunmuş və Səhiyyə Nazirliyinə rəsmi təbrik məktubları göndərilmişdir.

Ölkəyə daxil olan preparatlar ÜST-nın prekvalifikasiyasını keçmiş vaksinlərdir.

Respublikada peyvəndlərlə idarə olunan yoluxucu xəstəliklərin qarşısının alınması tədbirlərinin daha da gücləndirilməsi məqsədilə son illər əlavə immunlaşdırma tədbirləri tətbiq edilir. 2007-ci ildən başlayaraq hər il aprel ayında Avropa İmmunlaşdırma Həftəsinə qoşularaq ölkəmizdə bu tədbirin keçirilməsi, 2015-2016-cı illərdə risk qrupuna aid olan tibb işçilərinin B hepatiti əleyhinə peyvənd olunması, 2015-cı ilin oktyabr-noyabr aylarında poliomielitə qarşı əhatə səviyyəsi 95%-dən aşağı olan rayonlarda əlavə immunlaşdırma tədbirlərinin aparılması, 2014-cü ilin oktyabr ayında qızılca və məxmərəyə qarşı, 2015-2016-cı illərdə miqrasiya edən böyük yaşlı əhali arasında qızılca və məxmərəyə qarşı əlavə immunlaşdırma tədbirləri aparılmışdır.

Son 5 il ərzində profilaktik peyvənd təqviminə yeni peyvəndlər daxil edilmişdir. 2011-ci ilin iyul ayından B tipli hemofil infeksiyaya qarşı, 2013-cü ilin dekabr ayından pnevmokok əleyhinə, 2016-cı ilin fevral ayından inaktivləşdirilmiş poliomielit vaksinlərinin tətbiq edilməsi bu gün Azərbaycanda, uşaqların inkişaf etmiş Avropa ölkələrində olduğu kimi 11 xəstəliyə qarşı peyvənd edilməsini təmin etmişdir.

Bundan əlavə 2016-cı ilin aprel ayından respublikanın bütün şəhər və rayonlarında üçvalentli OPV vaksinin istifadəsi dayandırılmış, ikivalentli OPV vaksinin istifadəsinə başlanmışdır.

Vaksinlərin etibarlı saxlanması məqsədi ilə “soyuq zəncir” sistemi gücləndirilmişdir. Peyvənd saxlanılan anbarlarda temperatur rejiminin daimi monitorinqinin aparılması üçün onların lazımi texniki avadanlıqla təminatı həyata keçirilmişdir. Peyvəndlərin və digər peyvənd materiallarının bu sistemin tələbləri daxilində yerlərə mərkəzləşdirilmiş qaydada daşınması təmin edilmışdir.

Səhiyyə Nazirliyinin 24.02.2014-cü il tarixli 13 saylı əmri ilə təsdiq olunmuş 2010-2016-cı illərdə poliomielitdən azad ərazi statusunun saxlanılması üzrə Milli Fəaliyyət Planının icrasına dair kəskin süst ifliclər üzərində epidemioloji nəzarətin və poliomielitə qarşı immunizasiya vəziyyətinin yaxşılaşdırılması məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bir sıra rayonlarda dəstəkləyici kurasiya tədbirləri aparılmış, eyni zamanda Milli Fəaliyyət Planı ilə müəyyən edilmiş ərazilərdə polioviruslar üzərində ətraf mühitin daimi monitorinqi davam etdirilmişdir.

Yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə B tipli hemofil infeksiya tərəfindən törədilən bakterial meningitlər, pnevmokok və meninqokok infeksiyaları üzərində epidemioloji nəzarət davam etdirilir.

Respublikamızda həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlər 2016-cı ildə Avropa regionunun əksər ölkələrində, xüsusən həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən A(H1N1) virusu epidemiyasının ölkəmizə keçməsinin qarşısını almışdır.

Hər il olduğu kimi 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik tədbirlərin, həmçinin epidemioloji monitorinqin gücləndirilməsi istiqamətində işlər aparılmışdır. Virusoloji laboratoriyada aparılan müayinələr xəstələnmənin epidemioloji hədd daxilində olduğunu göstərir.

Son illərdə epidemiya və pandemiyaların baş verməsi təhlükəsinin qarşısının alınması istiqamətində yoluxucu xəstəliklərin monitorinqi aktual məsələyə çevrilmişdir.

Bununla əlaqədar infeksion xəstəliklər üzərində Elektron Müşahidə Sistemi tətbiq olunmuş və o, daima yenilənir və təkmilləşdirilir. Sistem vasitəsi ilə ölkəmizdə qeydə alınan hər bir infeksiya hadisəsi barədə onlayn rejimində məlumat alınır, operativ tədbirlər həyata keçirilir, epidemioloji vəziyyət, o cümlədən rayon səviyyəsində təhlil edilir. Bu elektron proqram Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Avropada ən müasir sistem kimi qiymətləndirilmiş və onun vasitəsi ilə müvafiq məlumatların birbaşa ÜST-ə göndərilməsinə də imkan yaradılmışdır.

Elektron səhiyyəni inkişaf etdirərək Sağlamlıq Kartı sistemi vasitəsi ilə peyvənd işinə nəzarəti gücləndirmək üçün hər bir uşağın peyvənd olunması barədə məlumatı hesabat formasında əldə etmək imkanı yaradılmışdır. Bakı şəhərində sinaqdan keçirilmiş bu proqramın, 2017-ci ildən respublikanın digər şəhər və rayonlarında tətbiqi nəzərdə tutulur.

Respublika GEM-i tərəfindən kadr hazırlığı sahəsində də müəyyən işlər aparılır, belə ki, 2016-cı ilin iyun-oktyabr aylarında qızılca və məxmərək xəstəlikləri üzərində epidemioloji nəzarət və anadangəlmə məxmərək sindromunun profilaktikası mövzusunda Respublikanın şəhər və rayonlarında mütəxəssislər üçün təlimlər, ÜST-nın "Təcrübədə İmmunlaşdırma" və "Vaksinlərin effektiv idarə olunması"na dair təlim materiallarından istifadə edilərək il ərzində dəstəkləyici kurasiya tədbirləri aparılmışdır.

Səhiyyəmizin daha bir böyük uğuru malyariya xəstəliyinin ləğvi ilə bağlıdır. Həyata keçirilmiş genişmiqyaslı tədbirlər nəticəsində artıq 4 ildir ki, bu xəstəliyin yerli yoluxması baş vermir. Bu nailiyyət də Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu tərəfindən qeyd edilmişdir.

Qazanılmış nailiyyətləri əldə saxlamaq üçün Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 2016-2020-ci illər üçün “Azərbaycan Respublikasında malyariya xəstəliyinin yenidən bərpa olunmasının qarşısının alınması” üzrə Milli Strategiyanın icrasına başlanmışdır.

Aşqabad şəhərində isə 2016-cı ilin iyul ayında “Eliminasiyadan sonrakı dövrdə malyariya xəstəliyin yenidən bərpa olunmasının qarşısının alınması” üzrə yeni Bəyannamə qəbul edilmişdir.