Azərbaycanda növbəti “İmmunlaşdırma həftəsi”nin keçirilməsinə başlanıb

Son yeniliklər

Aprelin 24-dən Azərbaycanda növbəti “İmmunlaşdırma həftəsi”nin keçirilməsinə başlanılıb. Səhiyyə Nazirliyindən verilən xəbərə görə, 24-30 aprel tarixlərini əhatə edən immunlaşdırma həftəsi Bakını və ölkənin bütün bölgələrini əhatə edəcək.

Səhiyyə naziri Oqtay Şirəliyev respublikada “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb. Əmrdə respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi, respublikanın tibb idarə və müəssisələrinin rəhbərlərinə hər hansı səbəblərə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb olunmasının təminatı tapşırılıb.

İmmunlaşdırma həftəsinin əsas məqsədləri planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılma səviyyəsinin artırılması, pnevmokok əleyhinə vaksinlərin immunlaşdırma proqramında tətbiqi ilə bu infeksiya tərəfindən törədilən uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılması, qızılca, məxmərək xəstəliklərinin eliminasiyası naminə nəzarətin gücləndirilməsi və qızılca, məxmərək, parotitə qarşı peyvəndlə əhatə səviyyəsinin yüksəldilməsidir. İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunmasını hər bir ərazi tibb müəssisə tərəfindən təmin ediləcək.

Qeyd edək ki, ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq, Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir və  Səhiyyə Nazirliyi Azərbaycan 2007-ci ildən bu tədbirə qoşulur.