Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr dövlət hesabına ixtisaslaşdırılmış müalicə alır

Son yeniliklər

29 iyun 2016-cı il tarixində Səhiyyə Nazirliyinin 1 saylı Kliniki Tibbi Mərkəzində KİV nümayəndələri üçün dəyirmi masa keçirilmişdir. Tədbir xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərə (XBÇ) dövlət dəstəyinə həsr edilmişdir.

Bildirildi ki, xroniki böyrək çatışmazlığı (XBÇ) hər hansı səbəbdən böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji haldır. Böyrəklərin xroniki iltihabı, irsi, allergik-immunoloji, infeksion xəstəlikləri, eləcə də şəkərli diabet, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri, bir sıra uroloji obstruktiv patologiyalar XBÇ-nın baş verməsinə səbəb olur.

Hazırda dünya əhalisi arasında XBÇ və bu səbəbdən dializ müalicəsinə cəlb olunan xəstələrin sayı artır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən müxtəlif ölkələrdə 1 milyon əhalidən 800-1200 nəfərində XBÇ müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2006-cı il tarixli 179 nömrəli və 26 noyabr 2010-cu il tarixli 227 nömrəli qərarları ilə “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqram”larının qəbulu ilə əlaqədar bu xəstələrin aşkar olunması və aktiv müalicəyə cəlb olunması, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı mümkün olmuşdur.

Hazırda Azərbaycanda fəaliyyət göstərən 34 hemodializ mərkəzində (onlardan 26 regionlarda, 8 Bakı şəhərində) 2900-dən artıq xəstə dövlət vəsaiti hesabına proqram hemodializ müalicəsi qəbul edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2003-cü ildə Azərbaycanda 1, 2006-cı ildə isə cəmi 4 hemodializ şöbəsi var idi. Hazırda ölkədə 544 hemodializ aparatı xəstələrə xidmət edir. Müalicənin keyfiyyətinin yaxşılaşması, xəstələrin ömrünün uzanması, bu xəstəlikdən ölüm hallarının azalması nəticəsində dializ ilə əhatə edilən xəstələrin sayı hər il 20-22% artır. Dializ xəstələrinin dərman və tibbi ləvazimatlarla təminatı da tam həcmdə dövlət tərəfindən qarşılanır. Xəstələrə 171 həkim-nefroloq, 408 orta tibb işçisi xidmət göstərir. 

Eyni zamanda, respublikada böyrək və digər orqanların transplantasiyası olunmuş 640-a qədər xəstə qeydiyyatdadır ki, onların da mütəmadi müayinəsi və kifayət qədər maliyyə vəsaiti tələb edən immunosupressiv müalicəsi dövlət büdcəsi hesabına ödənilir. Bu qayğı ilə əhatə edilən xəstələrin sayı hər il 18-20% artır.

Hal-hazırda Nazirlər Kabinetinin 28 yanvar 2016-cı il tarixli 17 saylı qərarı ilə yeni qəbul edilən və 2016-2020-ci illəri əhatə edən “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” nefroloji yardımın daha da təkmilləşdirilməsinə, yeni dializ mərkəzlərinin yaradılmasına, xroniki böyrək çatışmazlığı olan xəstələrin ömrünün uzadılmasına, onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına, tibbi-sosial reabilitasiyasına, hemodializ müalicəsi alan və böyrək köçürülmüş xəstələrin davamlı dərman təminatına yönəlmişdir.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı