Uşaqlarda və yeniyetmələrdə artıq çəki və piylənmə sosial probem kimi

Son yeniliklər

Uşaqlarda və yeniyetmələrdə artıq çəki və piylənmə tibbi sosial problemdir.

Bədən çəkisinin əhəmiyyəti

Qərb mətbəxinin, “fast-food” restoranların, qərb təfəkkürü və mədəniyyətinin müasir həyatımızda geniş yer alması Azərbaycana xas olmayan bir çox problemlərin inkişafı ilə müşayiət olunur. Hazırda uşaq və gənclər arasında artıq çəki və piylənmə hallarına daha çox rast gəlinir. Bəzi təhlillərə görə, Sovetlər dönəmi ilə müqayisədə artıq çəki və piylənmə hallarının son zamanlar yayılması (prevalentlik) təxminən iki dəfə artıb.

2014-cü ildə Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin apardığı tədqiqat nəticəsində məlum olmuşdur ki, Bakı şəhərində məktəbli oğlan və qızlar arasında artıq çəki və piylənmə 18-22% təşkil edir. 

Əgər böyüklərdə artıq çəki və piylənmə bədən kütlə indeksi (BKİ) adlanan formulla asan təyin olunursa (BKİ=bədən çəkisi, kq / boy, kv.m), uşaq və yeniyetmələrdə bu formuldan istifadə edilmir. Bu yaş qrupunda piylənmə əsasən yaş və cinsə görə bədən çəkisinin normanın 95 promillidən artıq olması kimi dəyərləndirilir. 

Məlumdur ki, genetik və bioloji faktorlar artıq çəki və piylənməyə gətirib çıxara bilər. Lakin araşdırmalar onu göstərir ki, bədən çəkisi ilə bağlı problemlərin yalnız 1%-dən az olan halları bioloji və ya psixi sağlamlığın pozulması ilə əlaqədardır. 

Müasir həyatda uşaq və yeniyetmələr yüksək kaloriyə malik yağlı qida növləri ilə əhatə olunub. Orqanizmin bu qida növləri ilə əldə etdiyi kalorini fiziki aktivliklə yandırmaq çətinlik törədir. 

Belə qida növlərindən geniş istifadəyə səbəb yüksək yağ tərkibli qidaların  nisbətən ucuz və dadlı olmasıdır. Bundan əlavə uşaq və yeniyetmələrin məktəb həyatı və müasir informasiya texnologiyalarından (kompüter, planşet, smartfonlar və televiziya) geniş istifadəsi onlarda həmçinin passiv həyat tərzinin geniş yayılmasına səbəb olur. Bu səbəbdən də piylənmə ciddi sosial problem hesab olunur.

 Piylənmə və artıq çəkini insanın şəxsi keyfiyyətləri, iradəsinin zəifliyi ilə əlaqələndirmək düzgün deyil. Xüsusilə də, ətraf mühitin, o cümlədən, rəngarəng reklamların, sosial şəbəkələrin, filmlərin təsirinə asanlıqla məruz qalan uşaq və yeniyetmələr sanki “hipnoz” altına düşmüş olurlar. Bir çox ölkələrdə aparılmış tədqiqatlar göstərib ki, müasir ətraf mühit uşaq və yeniyetmələrin kök olmasının şərtlərindəndir. 

Uşaq və yeniyetmələrin piylənməsinə səbəb olan bəzi ətraf mühit faktorları:

  • Məktəblərdə az kalorili və daha sağlam qida növlərinin, eləcə də isti yeməklərin və/və ya standartlaşdırılmış sağlam qidalardan ibarət menyuların olmaması

  • Kafeterilərdə daha çox yüksək yağ tərkibli, yüksək kalorili qida növləri və şirinləşdirilmiş (şəkər tərkibi yüksək olan) içkilərin satılmasına üstünlük verilməsi

  • Məktəblərdə verilən qidalar arasında milli mətbəximizə aid yeməklərin demək olar ki, olmaması 

  • Az təminatlı və ya yoxsul ailələrin sağlam qida məhsullarını əldə etmək imkanının məhdudluğu (hər bir uşaq və yeniyetmənin gündə 200 qram meyvə və 200 qram tərəvəz yeməsi məsləhət görüldüyü halda, bir çox ailələrdə bu tövsiyəni həyata keçirmək mümkün deyil)

  • Sosial cəhətdən çətin şəraitdə yaşayan ailələrdə valideynlər bəzən bir neçə iş yerlərində  və/və ya uzun saatlar çalışdığından, evdə yeməklərin bişirilməsinin həmişə mümkün olmaması (bu səbəbdən, həmin ailələr yeməkləri yaxındakı mağazalardan polufabrikatlar, yağ turşuları ilə zənginləşdirilmiş qida məhsulları şəklində alır və ya nisbətən ucuz olan “fast-food” restoranlarından əldə etməyə məcbur olurlar).

  • Yeniyetmələrin və hətta az yaşlı uşaqların gündəlik passiv və ya “hərəkətsiz” həyat tərzi keçirməsi (“Sağlam təhsil - Sağlam millət” məktəbləri istisna olmaqla, ölkəmizdə uşaqlar günün böyük  hissəsini məktəbdə oturaq vəziyyətdə, evdə həmçinin oturaq şəraitdə ev tapşırıqlarını edir, gününü TV, planşet, kompyüter və ya smartfon qarşısında keçirirlər). 

  • Sovetlər dönəmindən fərqli olaraq (həmin illərdə Azərbaycanda qız övladlarının bədən tərbiyəsi və ya idmanla məşğul olmalarına valideynlər tərəfindən məhdudiyyət qoyulması faktını da nəzərə alsaq), son illər bədən tərbiyəsi dərslərinin saatları azaldılmış, keyfiyyət və məzmun baxımından xeyli zəifləmiş və qeyri-prioritet dərslər sırasına daxil edilmişdir.

Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin 2014-cü ildə Bakı məktəblərində birgə apardığı tədqiqat bir daha göstərdi ki, uşaqlar məktəbdə keçirilən bədən tərbiyəsi dərslərində ya tamamilə iştirak etmir, və ya idman dərsləri ümumiyyətlə keçirilmir, və yaxud da keyfiyyət çox aşağı səviyyədədir (qızların idman dərslərində çox az iştirak etmələri də həmçinin müəyyən olunmuşdur)

  • İnternet, TV, Radio, mağaza stendlərinin, küçələrdə reklam güşələrinin yağ tərkibi yüksək olan zərərli qida növlərinin reklamı ilə zəngin olması (bəzi ölkələrdə aparılan hesablamalar göstərib ki, uşaqlar hər gün ən azı 17 dəfə konfet, şirniyyat və ya digər qeyri-sağlam qida növlərinin, məs., çipslərin reklamını seyr etməyə məcbur olurlar. Meyvə, tərəvəz və sağlam qida növlərinin reklamına isə heç rast gəlinmir. 

  • Əksər hallarda uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş qida növləri, o cümlədən, “fast-food” restoranlarında verilən yeməklərin porsiyaları çox böyük olur. Həmin qidalarda olan kalorinin yandırılması normal fiziki aktivliyi olan uşaq və yeniyetmələr üçün belə mümkün olmur. “Fast-food” restoranlarında satılan burgerlərdən orqanizm 1200 kalori alır, 1və 2 litr şirinləşdirilmiş içəcəklər isə artıq “ailə üçün normaya’ çevrilib. Bir çox restoranlarda verilən “starterlər” 1600 kalori təşkil edir.

Yadda saxlamaq lazımdır ki, yeniyetmənin gündəlik kaloriyə ehtiyacı : 2.300-2.500 kilokaloridir.

  • Artıq çəkinin səbəbləri mürəkkəb olduğundan, piylənmənin müalicəsində yalnız pəhriz saxlamaq aspektlərdən biri hesab edilir.

  • Yeniyetmələrdə bədən çəkisi ilə bağlı problemlər aşağıdakı səbəblərdən ola bilər:

  • qidalanma rejiminə riayət etməmək

  • həddən artıq yemək

  • fiziki aktivliyin olmaması və ya azlığı

  • ailə üzvləri arasında piylənmə faktı

  • stresli həyat tərzi və ya hadisələr ( valideynlərin boşanması, başqa yaşayış yerinə köçmə, yaxınların ölümü, zorakılıq və s.)

  • ailədaxili münaqişədən və ya dostlarla (rəfiqələr) ünsiyyətdə yaranmış problemlər

  • özünə inamın aşağı olması

  • depressiya və digər psixi pozğunluqlar

Yeniyetmələr çoxlu kalori alsalar da, qidalanmanın səviyyəsi onlarda ümumiyyətlə aşağı olur. Yeniyetməlik dövründə bədənin sürətli inkişafı getdiyindən məhz bu dövrdə balanslaşdırılmış qidalanmanın xüsusi əhəmiyyəti vardır. Belə ki, həyatın ikinci dekadasında (onillik) yeniyetmə orqanizm bütün sümük kütləsinin 50%-ni əldə edir.  

Sosial durumu  aşağı olan təbəqələrə malik (çətin həyat şəraitində yaşayan, dövlət uşaq müəssisələrində tərbiyə alan, yoxsul ailələrdən olan və s.) yeniyetmə və gənclər qeyri-sağlam qidalanmanın fəsadlarından daha çox əziyyət çəkirlər. Bu qrupdan olan yeniyetmələrin qida rasionu əsasən yüksək kalorili və yüksək yağ tərkibli qida məhsullarından ibarət olduğu üçün onlarda artıq çəki və ya piylənmə riski daha yüksək olur. 

Bədən çəkisinə görə insanı aşağılamaq və ya onu gülüş obyektinə çevirmək olmaz! 

Uşaq və yeniyetmələr artıq bədən çəkisinə görə çox vaxt gülüş obyekti olur və ya aşağılanırlar. Artıq bədən çəkisi uşaq və yeniyetmələrə qarşı stiqmaya səbəb ola bilər. Bu həm məktəbdə, həm evdə, həm də küçədə baş verə bilər. Əfsuslar olsun ki, televiziya verilişləri, reklamlar və ya filmlərdə göstərilən artıq bədən çəkisi və ya piylənməsi olan insanın  gülüş obyektinə çevrilməsi adi hal kimi qəbul olunur və belə yeniyetmələr normal çəkisi olanlarla müqayisədə daha az zəkaya malik kimi qələmə verilirlər. Nəticədə belə hallar heç də fəsadsız ötüşmür və uşaqlarda özünə inamın kəskin aşağı düşməsinə gətirib çıxarır.

Nə etmək məsləhətdir? 

Sağlam qidalanma, müntəzəm fiziki aktivlik (və ya Kidman), məsləhət xidməti və böyüklər və həmyaşıdların dəstəyi vacibdir.

Yüksək piylənmə dərəcəsi olan yeniyetmələrə müvafiq dərman preparatları və bəzi hallarda hətta bariatrik cərrahi müdaxilə tövsiyə edilə bilər. 

Düzgün pəhriz və fiziki aktivliklə yanaşı valideynlərin uşağın müsbət keyfiyyətlərini daim önə çəkməyə çalışması və özünə inamı artırmağa töhvə vermələri vacibdir. 

Artıq bədən çəkisi olan bəzi uşaq və yeniyetmələrdə həyat tərzinin dəyişdirilməsi və pubertat (cinsi yetişkənlik) dövrdə normada baş verən fiziki inkişafın sürətlənməsi səbəbindən boyun artması nəticəsində bədən çəkisi normallaşır.

Yeniyetmələrin bəzilərində piylənmə həyat boyu mübarizə hədəfinə çevrilir. 

Sağlam qidalanma dedikdə, sağlamlıq üçün faydalı olan qida məhsullarının adekvat həcmdə qəbul edilməsi başa düşülür. Məhz sağlam qidalanma ilə fiziki aktivlik həyat üçün əhəmiyyətli və uzunmüddətli vərdişlər olmalıdır. Boy artımı zamanı (əsasən pubertat dövrdə) yeniyetmələrin kaloriyə tələbatı çox artır. Lakin bu tələbat sağlam qida məhsullarından əldə edilməlidir, çünki kalori ilə yanaşı yeniyetmələrin orqanizminin digər qida maddələrinə tələbatı da təmin edilməlidir.

Evdə və məktəbdə sağlam qidalanmanın təmin olunmasında böyüklər (valideynlər, müəllimlər) mühüm rol oynaya bilər. Böyüklər sağlam qidalanmaya və idmanla məşğul olmağa üstünlük verməklə, uşaq və yeniyetmələrə müsbət nümunə ola bilərlər. 

Böyüklər aşağıdakılara riayət etməklə sağlam qidalanma vərdişlərinin formalaşmasında uşaqlara yardımçı ola bilərlər: 

  • Səhər yeməyini ötürməmək

  • Qida rasionuna meyvə, tərəvəz, protein və dənli bitkiləri daxil etmək 

  • Şam yeməyini evdə bişirmək (təzə qida məhsullarından istifadə etməklə)

  • Şirinləşdirilmiş içkilərdən imtina etmək

  • Gündəlik həyat rejiminə fiziki aktivlik və Kidman məşğələlərini daxil etmək, uşaqları da bu fəaliyyətlərə cəlb etmək. 

 

Yadda saxlayın ki, pubertat yaş dövründə yeniyetmələrin :        

  • bədən çəkisi və boyları artır 

  • oğlanlarda əzələ kütləsi inkişaf edir

  • qızlarda süd vəziləri inkişaf edir və bud-çanaq nahiyəsi böyüyür

  • boy artımından əvvəl həm oğlanlarda, həm də qızlarda piy toxumasının artımı müşahidə edilir. 

 

Bilmək vacibdir:

Artıq çəki və ya piylənmə heç də yalnız fiziki görünüş cəhətdən əhəmiyyət kəsb etmir.

Artıq kiloqramlar sağlamlığa mənfi təsir göstərir, 2-ci tip şəkərli diabet, yüksək qan təzyiqi, insult, ürək-damar xəstəlikləri, xərçəng xəstəliyi, öd daşı xəstəliyi və öd kisəsinin digər xəstəlikləri, sümük və oynaq problemlərinin inkişafı, yuxu apnoyesi (yuxu zamanı tənəffüsün müvəqqəti dayanması) və digər tənəffüs pozuntularının yaranmasına səbəb olur. 

Artıq bədən çəkisi və piylənməsi olan yeniyetmələrdə yuxarıda sadalanmış xəstəliklərin inkişaf riski 60%-dən çoxdur. 

Artıq çəkisi olan yeniyetmələrdə emosional distres və ya emosional pozğunluğun inkişaf riski daha yüksək olur.

Artıq çəkisi olan yeniyetmələrin dostları (rəfiqələri) daha az olur, sosial cəhətdən təcrid olunmağa daha çox məruz qalırlar və normal çəkili yeniyetmələrlə müqayisədə depressiya hallarına onlarda daha çox rast gəlinir. 

Artıq çəkisi olan yeniyetmə qızlarda özünə inam və özünə güvən daha zəif olur. Bu isə onlarda tənhalıq, kədər, qəzəb və qıcıqlanma riskini artırır.