Tütündən imtina üzrə tibbi məsləhət kabineti açılacaq

Son yeniliklər

Noyabrın 1-dən etibarən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti açılacaq və xüsusi “Qaynar xətt” fəaliyyətə başlayacaq.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, burada tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslər professional tibbi yardım və psixoloji məsləhətlər alacaqlar. Layihə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın müvafiq tələblərinə uyğun olaraq həyata keçiriləcək.

İSİM-in nümayəndələri oktyabr ayında Moskvada keçiriləcək “Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi problemləri” mövzusunda seminarda iştirak edəcəklər. Məqsəd tütündən imtina ilə bağlı beynəlxalq təcrübəni İSİM-də açılacaq kabinetin fəaliyyətində tətbiq etməkdir.

Xatırladaq ki, Azərbaycan Respublikası hələ 2005-ci ildə “Tütünlə mübarizə haqqında” Dünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasını ratifikasiya edib. Konvensiyanın 14-cü maddəsinə əsasən, hər bir ölkə tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın adekvat müalicəsinin təmin edilməsinə kömək üçün səmərəli tədbirlər görməli, habelə tibbi-sanitariya yardımı müəssisələrində və reabilitasiya mərkəzlərində tütündən asılılığın diaqnostikası, profilaktikası, müalicəsi və məsləhətlərin verilməsi üzrə proqramlar hazırlamalı və həyata keçirməlidir.