Azərbaycanda uşaqlar üçün yeni peyvəndin tətbiqinə başlanıldı

Son yeniliklər

Azərbaycanda 6 ayı tamam olan uşaqlar üçün fevralın 15-dən yeni vaksinin tətbiqinə başlanılıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Trend-ə bildirib ki, inaktivləşdirilmiş poliomielit əleyhinə vaksin fevralın 15-dən etibarən 6 ayı tamam olan uşaqlara bir dozada inyeksiya vasitəsilə vurulacaq: “Bu vaksin uşaqlara bir dəfə vurulacaq. Hazırda uşaqlar 4-7 günündə, 2, 3 və 4 və 18 aylıq olarkən oral (damcı) vasitə ilə poliomielitə qarşı peyvənd edilir. Yeni vaksinlə yanaşı, oral poliomielit vaksininin də istifadəsi peyvənd proqramına uyğun olaraq, davam etdiriləcək. Bundan sonra bütün uşaqlar bir dozada inaktivləşdirilmiş poliomielit əleyhinə peyvənd ediləcək”.

A.Əliyeva deyib ki, yeni vaksin olduqca təhlükəsizdir və orqanizm tərəfindən çox rahat qəbul edilir: “Onun heç bir yanaşı təsiri, reaksiyası yoxdur”.