29 sentyabr – Ümumdünya Ürək Günüdür

Son yeniliklər

2000-ci ildən etibarən, Dünya Ürək Federasiyasının təşəbbüsü ilə hər il 29 sentyabr tarixi “Ümumdünya Ürək Günü” olaraq qeyd olunur. Ümumdünya Ürək Federasiyası 200-ə yaxın üzv təşkilatın birləşmiş icması vasitəsi ilə dünyanın 100-dən çox ölkəsində ürək xəstəliklərinə qarşı mübarizə aparır. Hər il dünyada 17,5 milyon insan ürək-damar xəstəlikləri səbəbindən ölür. “Ümumdünya Ürək Günü”nün keçirilməsində əsas məqsəd insanları ürək-damar xəstəliklərinin nə dərəcədə təhlükə doğurduğu barədə məlumatlandırmaq və bu xəstəliklərin qarşısının alınması istiqamətində vacib profilaktik tədbirlərin həyata keçirilməsidir. Dünya Ürək Federasiyası “Ümumdünya Ürək Günü”nü hər il fərqli şüarla qeyd edir. Bu il “Həyatına enerji qat!” ("Power Your Life") şüarı seçilmişdir.

Aparılan tədqiqatlara görə ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalması sosial faktorlar, ətraf mühitin təsiri, ekoloji amillər, düzgün qidalanmamaq və son illər artan psixi-emosional gərginliklə birbaşa əlaqəlidir. Ürək-damar xəstəliklərinə ürəyin işemiyası, hipertoniya, ateroskleroz, ürək qüsurları və s. daxildir. Bunlardan ən geniş yayılanı isə ürəyin işemik xəstəliyidir ki, bu da qəfil ölüm, miokard infarktı, ürək ritminin pozulması, ürək çatışmazlığı kimi özünü göstərir.

Son illər statistik göstəricilərə görə ölkədə ürək-damar xəstəliklərdən ölənlərin sayının artması ölkənin səhiyyə sistemində bu istiqamətdə geniş spektrli işlərin görülməsinə təkan vermişdir. Elə bu məqsədlə “Azərbaycan Respublikası qeyri infeksion xəstəliklərlə (QİX) mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planı hazırlanmış və bu plan çərçivəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) QİX-in bir növü olan ürək-damar xəstəlikləri ilə mübarizə aparma üzrə fəaliyyət  həyata keçirir. 

Keçirilən tədbirlərlə yanaşı sosial şəbəkələr vasitəsilə də maarifləndirmə məqsədilə təbliğat aparılır.