25 noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günüdür

Son yeniliklər

1999-cu ildə BTM-nin Baş Assambleyası  25 noyabr tarixini Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü kimi elan etdi  və ictimaiyyətin diqqətini bu problemə yönəldilməsi üçün hökumətlərə, beynəlxalq təşkilatlara və QHT-lərə hər il bu tarixdə tədbirlər keçirməyi təklif etdi.

25 noyabr tarixi  1960-cı ildə Dominikan Respublikasının diktatoru Rafael Truxilyonun əmri ilə vəhşicəsinə öldürülən, siyasi fəallar Mirabal bacılarının xatirə gününə təyin edilib. Qadınlara münasibətdə zorakılıq müəyyən ölkə, mədəniyyət, region  və ya konkret qadın qrupları ilə məhdudlaşmır.  ÜST-ün London tibbi gigiyena məktəbi və elmi-tədqiqat şurası ilə birgə apardıqları analitik araşdırmalara görə dünyada qadınların  35%-i əri tərəfindən və ya intim partynoru olmayan şəxs tərəfindən seksual zorakılığa məruz qalır. Demək olar ki, bütün qadınların 30%-i zorakılığın ən müxtəlif növlərindən: fiziki, psixoloji, sosial və ya seksual  işgəncələrdən  əziyyət çəkir. Ölən qadınların 38%-i öz intim partnyoru tərifindən qətlə yetirilir. Ən çox rast gəlinən maneələr maddi vəziyətin pis olması, yaşayış və iş yerinin olmaması, təcavüzkar tərəfindən yenidən şiddətə məruz qalma qorxusu, ailədə və ya cəmiyyətdə rüsvay olmaq, qınanılmaq qorxusu, xəcalət hissi, uşaqların təhlükəsizliyindən əmin olmaması, yaşamış zorakılığa görə özünü günahlandırma, inamsızlıq, cəsarətsizlik, valideynlər və qohumlardan dəstək görməməsi və s.

İlk növbədə hər bir qadın bilməlidir ki, onun təhlükəsiz, zorakılıq olmayan həyatda yaşamaq hüququ vardır. Zorakılığa məruz qalan qadın dövlət və ictimaiyyətdən dəstək görməli, hüquqlarından xəbərdar olmalı, düşdüyü vəziyyətdən çıxış yolu tapmaq üçün hara və kimə müraciət etməli olduğunu bilməlidir.

Müəyyən zamana qədər Azərbaycanda qadınlara qarşı zorakılıq və ya gender  zorakılığı  şəxsi və ya ailə daxili məsələlər kimi qəbul olunurdu.  Lakin son illər bu problem dövlət səviyyəsində müzakirəyə çıxarılır, qanunlar qəbul olunur, QHT-lərin dəstəyi ilə qadınlar üçün  sığınacaqlar yaradılır. Azərbaycan Respublikası qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində, o cümlədən qadınlara qarşı zorakılıq, məişət zorakılığı ilə mübarizəyə dair normativ hüquqi aktlar qəbul etmişdir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin də gender əsaslı zorakılıqla mübarizə sahəsində rolu çox yüksəkdir. Mərkəz mütəmadi olaraq gender əsaslı zorakılıqla mübarizəyə dair metodik vəsaitlər hazırlayır, təlimlər təşkil edir, maarifləndirmə tədbirləri aparır, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bu istiqamətdə bir sıra layihələr həyata keçirir.