13 oktyabr - Ümumdünya Görmə Günüdür

Son yeniliklər

Ümumdünya Görmə Günü hər il oktyabrın 13-ü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə həyata keçirilir. Bu günün təqvimdə qeyd olunmasına səbəb gözdən əlillik, görmə pozuntusu və reabilitasiyası problemlərinə qlobal diqqəti cəlb etməkdir. Həmçinin bu gün ÜST və Beynəlxalq Korluğun Profilaktikası Agentliyi tərəfindən ("Görmə 2020: görmə hüququ"nun) yaradılmasının önəmli günü hesab edilir. Keçirilən Ümumdünya Görmə Günündə bu problemlə bağlı müxtəlif təşkilatların nümayəndələri və mütəxəssisləri iştrak edir.

Gözdən əlil olmaq - görmə qabiliyyətini itirmək deməkdir. Xroniki gözdən əlilliyə aparan səbəblər katarakta, qlaukoma, sarı ləkənin yaşla bağlı degenerasiyası, göz bəbəyinin bulanıqlığı, traxoma və uşaqlarda müxtəlif (məsələn: A vitaminin çatışmazlığı ilə yaranan) göz xəstəlikləri ilə əlaqədardır. Getdikcə dünyada yaşla bağlı və nəzarətsiz diabet xəstəliyi fonunda yaranan göz xəstəliklərinə daha çox rast gəlinir.

Korluğun Profilaktikası Agentliyinin məlumatına əsasən dünyada təqribən 284 milyon insan görmə ilə bağlı problemlərdən əziyət çəkir və onlardan 39 milyonu ümumiyətlə görmür. Göz xəstəliklərindən 19 milyon uşaq əziyət çəkir. Zamanında müalicə olunardısa korluğun təxminən 80%-nin qarşısını almaq olardı.

Ümumdünya görmə günü çərçivəsində göz xəstəliklərinin qarşısı alınması istiqamətində maarifləndirmə və profilaktik tədbirlər keçirilir. Mütəmadi olaraq həkim yoxlanışından keçməklə xəstəliyi erkən mərhələlərdə aşkarlayaraq effektli müalicə alıb daha böyük problemlərə gətirib çıxarmasının qarşını almaq olar.