1 dekabr - Ümumdünya QiÇS-lə mübarizə günüdür

Son yeniliklər

1dekabr Ümumdünya QiÇS-lə Mübarizə günüdür. Bu günün qeyd olunmasında asas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.

1988-ci ildə yaradılmış AİDS Günü dünya ölkələri səhiyyə nazirlərinin AİDS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran sammitindən sonra təsis edilib. Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni Ümumdünya AİDS Günü elan edib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb. Qazanılmış İmmun Çatışmazlığı Sindromu olan xəstəlik insanların HİV virusuna yoluxması ilə başlayır. Nəticədə insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulur. Artıq dünyada QİÇS-dən vəfat edənlərin sayı milyonlarla ölçülür.

BMT-nin Baş Katibi Pan Gi Munun 2015-ci ildə, Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə müraciətində xəstəliyin qarşısının alınması üçün görülən tədbirlər və onun müalicəsi arasında qarşılıqlı əlaqə nəticəsində nailiyyətlərin artdığı, yeni yoluxmaların sayının dünyanın bir çox yerində azalmaqda davam etdiyi deyilirdi. Müraciətində həmçinin vurğulanırdı: “İİV-in cinsi əlaqə vasitəsilə ötürülməsini yarıya qədər azaltmaq, uşaqlarda yeni yoluxma hallarını aradan qaldırmaq, İİV-ə yoluxmuş 15 milyon insanın müalicəsini təmin etmək, stiqma və ayrı-seçkiliyə son qoymaq və QİÇS-lə mübarizədə büdcə kəsirini aradan qaldırmaq – bütün bu məqsədlərə biz yalnız güclü siyasi istək, səmərəli maliyyə vəsaitləri və insan hüquqlarına əsaslanmış qəti yanaşma ilə çata bilərik. Bu imkandan QİÇS-ə həmişəlik son qoymaq üçün istifadə edək.”

Azərbaycanda bu problem aktual olaraq, daim Səhiyyə Nazirliyinin nəzarətindədir. QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik vasitələrin istifadəçiləri arasında yayılıb.

2010-cu ildə Milli Məclisdə “İnsan immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (QİÇS) yayılmasının qarşısının alınması haqqında” qanun qəbul edilib. Hazırda bu sindromu bilərəkdən yayanları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) QİÇS-lə mübarizə istiqamətində əhalinin məlumatlandırılması məqsədilə mütəmadi olaraq maarifləndirici materiallar çap edilir, aksiyalar keçirilir.