Ətraf mühit və uşaqlar

Son yeniliklər

Azərbaycan Respublikasının Konstitusiyası

(çıxarış)

Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ

               1.   Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.

Bütün uşaqların normal böyüməsi, inkişafı və sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühitin olması zəruridir.

Dünya üzrə beş yaşadək uşaqlar arasında hər il baş verən 9 milyon ölüm halının 1/3-i ətraf mühitə aid səbəblərlə əlaqəlidir. Ətraf mühit amilləri ilə bağlı risk faktorları əksər hallarda qarşılıqlı təsir göstərir, onların nəticələri isə əlverişsiz sosial-iqtisadi vəziyyət, xüsusilə münaqişələr, yoxsulluq və qida çatışmazlığı şəraitində daha da ağırlaşır.

Ətraf mühit faktorları hər il dünyada diareyadan ölən 1,5 milyon uşağın 88%-nin ölümünə səbəb olur.

Diareya mahiyyətcə beş yaşadək uşaqlar arasında ölümün ikinci əsas səbəbidir. Demək olar ki, dünyada hər belə beş ölüm  halından biri diareya nəticəsində baş verir. Bu halların təxminən 88%-i suyun lazımi sanitariya standartlarına uyğun olmaması və gigiyena normalarına riayət edilməməsindən irəli gəlir. İçməli suyun təmizlənməsi və təhlükəsiz saxlanması, eləcə də əllərin yuyulması diareyanın qarşısının alınmasına imkan verir. Erkən yaşlı uşaqlarda isə bu problemin qarşısının alınmasına yalnız ana südü ilə qidalanma kömək edir.

Civə inkişaf edən dölün sinir sisteminə toksik təsir göstərir.

Dölün, yenidoğulmuşun və ya uşağın inkişafda olan sinir sistemi daha həssas olduğu üçün onlar civənin təsirinə xüsusilə məruz  qalırlar. Reproduktiv yaşda olan qadınların və  uşaqların  qida rasionuna tərkibində civə ola bilən iri yırtıcı yağsız balıqların daxil edilməsi məsləhət görülmür. Uşaqlar bəzi təmizləyici diş tozlarının və bitki xammalından hazırlanan dərman preparatlarının istifadəsi zamanı da onların tərkibində olan civənin təsirinə məruz qala bilərlər.

Uşaqlar arasında bronxial astma xəstəliyi geniş yayılır.

Bronxial astma uşaqlar arasında ən geniş yayılmış xronik xəstəlikdir və buna bütün ölkələrdə rast gəlinir. Bu xəstəliyin inkişafına ətraf mühitin aşağıdakı amilləri təkan verir: ev tozu gənələri, ikincili tütün tüstüsü ilə nəfəsalma, kif və gül tozcuqları. Astmaya lazımi diaqnostika və müalicə vasitələri ilə, eləcə də xəstəliyə səbəb olan ətraf mühitin təkanverici amillərinin təsirini azaltmaqla nəzarət etmək mümkündür.

Dünyanın bir sıra inkişaf edən regionlarında uşaqların 1/3-dən çoxu qurğuşunun yüksək səviyyələrinin təsirinə məruz qalır.

Qurğuşunla zəhərlənmə uşaqlarda beyinin inkişafına təsir göstərə bilər. Belə zəhərlənmə uşaqların davranışında və təhsilində problemlərin yaranması, gələcəkdə isə onlarda ürək-damar xəstəliklərinin inkişaf riskini artıra bilər. Artıq bir çox ölkələr benzinin tərkibində qurğuşundan istifadə etmirlər, lakin uşaqlar hələ də metallurgiya kombinatlarında, qurğuşun tərkibli boyalarda, tullantıların emalında, kosmetikada, bitki xammalından hazırlanmış dərmanlarda və digər mənbələrdə mövcud  olan qurğuşunun təsirinə məruz qalırlar.

Pestisidlərlə kəskin zəhərlənmə uşaqların həyatı üçün təhlükəli ola bilər.

Pestisidlərin təhlükəli istifadəsi, saxlanılması və utilizasiyası kəskin zəhərlənmələrə səbəb ola bilər. Pestisidlərin az konsentrasiyada xronik təsiri uşaqlarda nevroloji, reproduktiv və başqa fəsadların inkişafına səbəb ola, həmçinin onların inkişafına mənfi təsir göstərə bilər. Belə mənfi təsir uşaq bağçalarında, ev və məktəblərdə pestisidlərdən istifadə, kənd təsərrüfatında pestisidlərdən təhlükəsiz istifadə edilməmə və ya qida məhsullarının və içməli suyun  pestisidlərlə çirklənməsi zamanı baş verə bilər.

Qapalı yerlərdə havanın çirklənməsi hər il dünyada kəskin respirator infeksiyalar nəticəsində baş verən 2 milyon uşaq ölümünün yarısına səbəb olur.

Kəskin  respirator infeksiyalar, xüsusilə də pnevmoniya, erkən yaşlı uşaqlar arasında ölüm hallarının əsas səbəbidir. Bu ölüm hallarının təxminən yarısı qapalı yerlərdə bərk yanacağın yanması nəticəsində əmələ gələn tüstüdən baş verir. Ətrafa yayılan (ikincili) tütün tüstüsü ilə nəfəsalma daha bir əhəmiyyətli risk amilidir. İnkişaf etmiş ölkələrdə uşaqlar pis yaşayış şəraiti ilə bağlı xüsusi riskə məruz qalırlar.

İqlim dəyişkənliyi, xüsusilə də inkişaf edən ölkələrin uşaqlarında, xəstəliklərin inkişaf riskini artırır.

İqlim dəyişkənliyi ilə bağlı xəstəliklərin 85%-dən çoxu inkişaf etmiş ölkələrin uşaqlarının payına düşür. Uşaqlar daşqınlar və ekstremal temperatur nəticəsində zədə və ölüm, havanın çirklənməsi ilə həddindən artıq yayılmış astma və respirator xəstəliklər, eləcə də iqlim dəyişkənliyi ilə bağlı diareya, malyariya və qida çatışmazlığı təhlükəsi altında qalırlar.

Hər il dünyada 15 yaşadək yüz minlərlə uşaq bilmədən zəhərli maddələri qəbul edir və onlardan təxminən 35 000-i ölür.

Bir çox hallarda yanacaq, pestisidlər, dərmanlar və toksik qida məhsulları zəhərlənməyə səbəb olur. Bu məhsulların uşaqlar üçün təhlükəsiz qablaşdırılması, görünməz və əlçatmaz yerlərdə saxlanması uşaqların həyatını xilas edə bilər.

Uşaqlarda xərçəng xəstəliyinin yaranmasına ətraf mühit amilləri təsir edir.

Uşaqlarda xərçəng xəstəliyinin yaranma səbəbləri dəqiq bilinməsə də, bunlara ətraf mühit amillərindən şüalanma, tütün, ikincili tütün tüstüsü ilə nəfəsalma, aflatoksinlər, ultrabənövşəyi şüalar və bəzi pestisidlərin aid olması artıq məlumdur.

Sağlam ətraf mühit uşaqları qoruyur!